Modern.az

Türmədəkilərə psixoloji dəstək...

Türmədəkilərə psixoloji dəstək...

22 Avqust 2011, 13:59

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Avropa Şurası, Avropa Gənclər Fondunun dəstəyi ilə “Gənc Məhkumlara Psixoloji Dəstək” layihəsinin icrasına başlayıb.

3 ay müddətinə davam edəcək layihənin əsas məqsədi gənc psixoloqların penitensiar psixologiya sahəsində hazırlanması və gənc məhkumların psixoloji reabilitasiyası işinin həyata keçirməsindən ibarətdir.
İctimai Birlikdən verilən məlumata görə, layihə çərçivəsində 2 istiqamətdə iş aparılacaq. İlk olaraq 20 nəfər gənc psixoloq üçün penitensiar psixologiya üzrə  xüsusi təlim kursları təşkil ediləcək. Bu kurslarda məhkumun psixoloji portreti və məhkum şəxsiyyətinin xüsusiyyətləri, məhkum qrupunun sosial-psixoloji xüsusiyyətləri, cəzaçəkmə müəssisələrində ünsiyyət, məhkumların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları, psixodiaqnostika və korreksiya işinin planlaşdırılması, cəza müddəti sona yetmiş şəxsin azadlıq şəraitinə adaptasiyasının sosial-psixoloji problemləri, məhkumlarla işləyən heyyətlə həyata keçirilən psixoloji fəaliyyət kimi mühüm mövzular tədris ediləcək.

İkinci istiqamət olaraq cəzaçəkmə müəssisələrində məhkumlar və müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçiriləcək. Cəzaçəkmə Müəssisələrində keçiriləcək bu seminarlar 3 pillədə reallaşdırılacaq. Hər müəssisədə ilk olaraq məhkumlar, ikinci pillədə müəssisə əməkdaşları üçün psixoloji seminarlar keçiriləcək və seminarın sonunda hər iki tərəfin - məhkumların və nəzarətçilərin iştirakı ilə konfliktlərin həlli ilə bağlı qrup işləri aparılacaq.

Bu seminarlarda penitensiar psixologiya sahəsində peşəkar psixoloqla yanaşı layihənin birinci mərhələsində penitensiar psixologiya sahəsində hazırlanmış  gənc psixoloqlar da iştirak edəcəklər. Cəzaçəkmə Müəssisələrində psixoloji seminarların keçirilməsi həm məhkumların psixoloji reabilitasiyası işinin aparılmasına, həm də gənc psixoloqların məhkumlarla psixoloji işin aparılmasında praktiki vərdişlərə yiyələnmələrinə kömək edəcək.

Layihənin yekunu olaraq  “Gənc məhkumlarla psixoloji işin təşkili” mövzusunda Dəyirmi Masa keçiriləcək. Tədbirdə gənc məhkumların psixoloji yardım almaq hüquqlarının təminatı vəziyyəti, layihənin yekunları müzakirə ediləcək. Məlumatı qurumun mətbuat xidməti yayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal