Modern.az

Sel köçkünlərin qəsəbəsini dağıdıb

Sel köçkünlərin qəsəbəsini dağıdıb

Təhsil

22 Avqust 2011, 15:05


Dünən axşam saatlarında Goranboyun Veyisli kəndində yağan yağışlar nəticəsində güclü sel əmələ gəlib. Təbii fəlakət Veyisli kəndində yerləşən kəlbəcərlilərin məskunlaşdığı məcburi köçkün şəhərciyinə güclü ziyan vurub. Bu barədə Modern.az saytına Kəlbəcər rayonu İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov məlumat verib. O qeyd edib ki, “düzənlik bir yerdə belə sel hələ görünməyib”.

Təbii fəlakət zamanı bir neçə məcburi köçkün uşağı selə düşsə də, onlar xilas ediliblər.

İcra başçısı deyib ki, təbii fəlakətin nəticələrini tezliklə aradan qaldırmaq mümkün olmayacaq. V.Məhərrəmov bildirib ki, hazırda rayon rəhbərliyinin təşəbbüsü ilə qəsəbədə bərpa işləri aparılır.

Avqustun 21-də axşam saatlarında Qarabağ bölgəsinə düşən leysan nəticəsində Bərdə və Tərtər rayonlarında da sakinlərə xeyli zərər dəyib. Güclü yağışlar nəticəsində fərdi evlərə su dolub, küçələrdə güclü su axını yaranıb, nəqliyyatın hərəkətində çətinlik meydana çıxıb. Həmçinin məhsul altında olan əkin sahələri ciddi zərərlə üzləşib. Yerli sakinlərə məxsus tikililər, xüsusilə Bərdə şəhərində fərdi yaşayış evləri leysandan daha çox zərər görüb.
Analoji vəziyyətin Tərtər və Goranboy rayonlarında da hökm sürdüyü bildirilir. Əhalinin daha çox ehtiyatlandığı isə belə yağmurlu hava şəraitlərində dağ çaylarında daşqınların baş verməsidir. Xatırladaq ki, Ağdam, Bərdə, Tərtər, Goranboy və Füzuli rayonları ərazisindən axıb keçən çayların əksəriyyəti mənbəyini işğal altında olan Azərbaycan torpaqlarındakı dağlıq ərazilərdən götürür.

Modern.az

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım