Bir KİV-də yazılan məqalələrin heç bir istinad göstərilmədən başqa mətbu orqanda verilməsi, səsləndirilməsi artıq Azərbaycan mediasında adi hal alıb. O gün olmaz ki, media qurumlarının biri digərindən material götürüb özününkü kimi təqdim etməsin. Məqalələrin bu cür istinadsız verilməsi təkcə yazının deyil, eyni zamanda inetellektual zəhmətin mənimsənilməsidir, plagiatlıqdı.
Modern.az iki gün öncə bu mövzu ilə bağlı eksperlətin rəyini öyrənmişdi. Onlar əsasən bu cür hallara daha çox televiziyalarda rast gəlindiyini, TV-lərin qəzet və agentliklərdən məlumatları istinadsız götürüb verdiklərini qeyd etmişdilər.
Bu gün isə televiziyalardan buna münasibət öyrənməyə çalışdıq. Televiziyalar qəzet və agentliklərdən informasiyaları götürüb verirlər, yoxsa əksinə?
“Xəzər” TV: “Oğurluq qarşılıqlıdır...”
“Xəzər” televiziyasının “Xəbərlər” departamentinin redaktoru Vüsal Gözəlov bildirdi ki, bu cür hallar qarşılıqlı olur: “Bizdə əsasən belədir ki, informasiyanı götürüb onun üzərində işləyirik və məlumatı araşdırıb ona əsasən süjet hazırlayırıq. Ancaq ekslüziv materilllar olarsa, o zaman biz istinad edirik. Elə olur ki, bizdən də qəzet və agentliklər bizim materialı götürüb istinadsız verirlər. Bu normal haldır”.
ATV: “Başqa televiziyalar bizdən oğurlayırlar, qəzet və agentliklər də bizə yox, onlara istinad edirlər”.
“ATV”nin “Xəbərlər” redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu qəzet və agentliklərdən götürdükləri hər məlumatı 100 faiz istinadla verdiklərini qeyd etdi: “Əgər o məlumat həqiqətən həmin qəzet və agentliyin eksklüziv məlumatı olarsa, biz ona istinad edirik. Ancaq elə xəbərlər olur ki, onlar eyni mənbədən, dövlət qurumundan alınır və 5-10 dəqiqə vaxt fərqi ilə verilir. Onlara materail tez göndərilib tez qoyublar, bizə bir az gec. Bu o demək deyil ki, biz materialı onlardan götürmüşük. Belə nüanslarla bağlı anlaşılmazlıqlar ola bilər.
Ancaq elə vaxtlar olur ki, bizim təqdim etdiyimiz xəbərlər 5 dəqiqədə sonra agentliklərdə, sabahısı isə qəzetlərdə istinadsız verilir. Hətta elə olur ki, başqa telekanallar bizdən oğurlayırlar, qəzet və agentliklər də bizə yox, onlara istinad edirlər”.
Jurnalist əməyinə hər zaman böyük hörmət etdiklərini deyən Vaqif Aydınoğlu televiziyanın imkanları ilə qəzet və agentliklərin imkanlarını eyniləşdirmədiyini vurğuladı:
“Çünki bizim bölgələrdə də müxbirlərimiz var və onlardan daim eksklüziv informasiyalar alırıq. Həmin informasiyalar da bizə istinad olmadan verilir. Əvvəl bu məsələrin üstünə düşürdüm. Zəng edib deyirdim ki, niyə istinad verilməyib? Amma hardasa 1 ilə yaxındır daha bu işlə məşğul olmuram. İstinad etmirlər, etməsinlər, canları sağ olsun”.
“Space”: “Bizdə də bu cür hallar müşahidə olunur”
“Space” televiziyasının “Xəbərlər” departamentinin redaktoru Sülhiyyə Şirinova agentliklərin xəbərlərindən istifadə etdiklərini təsdiqlədi. O bildirdi ki, əgər ekslüziv açıqlamalar olursa, o zaman istinad edirlər: “Ancaq hardasa hadisə baş veribsə, məsələn, Bayıl sürüşməsini birinci agentlik görüb və verib. O zaman biz həmin informasiyanı götürüb hadisə yerinə gedirik və süjet çəkib, efirə veririk. Yəni agentliklərin belə informasiyalarından yararlanırıq”.
S.Şirinova agentliklərin də televiziyalarda təqdim olunan informasiyaları götürüb olduğu kimi və ya dəqiqləşdirərək verdiklərini söylədi: “Bizdə də bu cür hallar müşahidə olunur”.
İctimai Televiziya: “Ekslüziv açıqlamalara istinad olunur”
İctimai TV-nin “Xəbərlər” departamentinin adını çəkilməsini istəməyən redaktoru peşəkarlıq nöqteyi nəzərindən, özünə hörmət edən telekanalların, o cümlədən İTV-nin istənilən agentlikdə olan eksklüziv məlumatı istinadən təqdim etdiklərini dedi: “Belədə bütün agentliklərlə müqavilələr var, xəbərə görə pul ödənilir. Əgər eyni vaxtda hadisə baş verərsə, məsələn, Bayıl yamacında sürüşmə oldu, biz də ora gedirik, agentliklər də. Ola bilər agentliklər bizdən yarım saat və ya biz onlardan yarım saat tez verə bilərik xəbəri, ancaq açıqlama verən mənbə eynidir. Bütün hallarda xəbərlər dəqiqləşdirilir və ekslüziv açıqlamalara istinad olur, çünki bu onların müəlliflik hüququdur”.
“Lider” TV: “Televiziyaların da hazırladıqları materialları götürüb istinadsız verənlər var”
“Lider” televiziyasının “Xəbərlər” Departamentinin prodüsseri Yaqut Tapdıqqızı televiziyaların agentliklərdən xəbərləri götürüb verdiklərini bildirdi. Onun sözlərinə görə, əgər məlumat digər televiziya və qurumlarda yayımlanırsa, o zaman istinad edilmir. Yox, əgər agentliyin şəxsi məlumatıdırsa, o zaman agentliyə istinad olunur: “Belədə televiziyaların da hazırladıqları materialları götürüb istinadsız verənlər var. Bizdən də materiallar götürüləndə bəzən istinad olunur, bəzən yox. Həm də televiziyalar agentliklərə nisbətən daha kütləvidilər və onsuz da onlar xəbərlərini öz auditoriyasına çatdırırlar”.
AzTV: “Mediaforum, Modern.az bizim materialları istinadla təqdim edirlər”.
AzTV-nin mətbuat xidmətindən verilən məlumata görə, televiziyanın AzərTAc və “Röyters” agentlikləri ilə müqavilələri var. AzTV onlardan və bəzən də APA-dan götürdükləri informasiyaları istinadən təqdim edirlər.
“Ancaq bizdə təsdiqini tapmamış xəbərlər getmir. AzTV-dən də məlumatları götürüb istifadə edənlər var. Ibrahim Məmmədov Amerikaya səfəri zamanı Bzejinskidən müsahibə götürmüşdü. Onu AzərTAc AzTV-yə istinadən vermişdi. Amma bir çoxları istinadsız həmin materialdan istifadə etmişdilər. Amma Mediaforum, Modern.az saytları, o cümlədən bəzi qəzetlər bizim materialları istinadla təqdim edirlər”.
ANS TV: ““ANSpress”dən informasiyanı götürürlər və istinad etmirlər”
ANS Şirkətlər Qrupu prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bu televiziyada jurnalistin hərdən agentliklərdən məlumatları götürdüklərini, hərdən isə özlərinin hazırladıqlarını deyir. Ancaq götürülən informasiyalarda həmin agentliklərə istinad olunduğunu vurğulayır.
“İnformasiyalar heç vaxt istinadsız verilmir. Əvvəla həmin agentliklərlə müqavilələr bağlanır. Bizim “RiaNovosti”, “İtarTASS” agentlikləri ilə müqavilələrimiz var və onların informasiyalarından istifadə edirik. Özümüzkülərdən isə hərdən APA-nın eksklüziv açıqlamalarını veririk”.
M.Məmmədov onlara istinad etmədən “ANSpress”dən də məlumatların götürülüb başqa agentlik və qəzetlərdə istinadsız verildiyini vurğulayır: “Belə hallar çox olur. “ANSpress”dən informasiyanı götürürlər və istinad edilmir”.
Aytən ƏLİYEVA