“Hesablama Palatasına biz həmişə doğma təşkilatımız kimi baxmışıq. 1-ni deyəndə 5-ni deməmişik”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əli Məsimli deyib.
Deputat ironiya ilə deyib ki, “Hesablama Palatası haqqında” qanun layihəsini hazırlayana təşəkkür edirlər.
O bildirib ki, qanun layihəsində Hesablama Palatasının sədrinin maaşı Milli Məclisin spikerinin əməkhaqqısı səviyyəsində müəyyən edilib.
“Mən Milli Məclisin işçisiyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur. Dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur. Bunun haqlı və haqsız tərəfləri var. Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm.
Bəlkə də elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə, özünün vəzifəsini avtopilota qoyub hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir. Açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik. Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndiririəm”.