Müasir mediada təbliğat o qədər də məqbul vasitə sayılmır. Yalnız partiyalı sovet jurnalistikasında təbliğat həmin sistemin aparıcı vasitəsi olub. Bu gün isə medianın istiqamətləri fərqlidir. Peşəkar jurnalistika üçün hadisələrə obyektiv yanaşma, qara piar elementindən uzaq olmaq və digər məqamlar önəmlidir.
Təbii ki, belə məqamda, kimin necə düşünməsindən asılı olmayaraq Ermənistanın təcavüzkar siyasətinin ağır fəsadlar verdiyi indiki vaxtda informasiya müharibəsi aparan media quruluşları belə həssas məsələlərə daha diqqətlə yanaşmalıdır. Azərbaycanın harada yerləşdiyi və Qarabağ münaqişəsi haqqında yetərincə məlumatı olmayan sıravi avropalını göz yaşı tökməklə və yaxud hay-küylə, emosionallıqla inandırmaq çətin məsələdir. İşğal faktını dünyaya çatdırmaq üçün bəlkə daha məntiqli vasitələr tapmaq gərəkdir?
Qeyri peşəkar informasiya savaşı nəinki ciddi effekt verməz, əksinə münaqişənin mahiyyəti haqqında doğru-dürüst məlumatların yayılmasında əngəl olar. Yəni sözü elə demək lazımdır, modern təbliğatı elə qurmaq lazımdır ki, onu yalnız özümüz eşitməyək. Başqaları da eşidib, anlasın ki, bu münaqişədə haqlı tərəf kimdir, təcavüzkar kimdir.
Hiss olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi, ümumilikdə erməni təcavüzü ilə bağlı informasiya döyüşü yeni mərhələyə keçir. Artıq təbliğatın siyasi texnologiyası, mahiyyəti daha da təkmilləşir. Dünya ictimaiyyətində erməni saxtakarlığı haqqında rəyi dəyişmək üçün Azərbaycan mediasının, bəzi QHT-lərin gördüyü işləri müsbət qiymətləndirmək olar. Medianı izləyəndə normal bir tendensiyanın şahidi oluruq. Bu da ondan ibarətdir ki, Ermənistan Azərbaycan münaqişəsinin kökü, mahiyyəti haqqında elmi tədqiqatlara daha çox önəm verilir. Dünyanın başa düşəcəyi, qəbul edəcəyi şəkildə informasiyalar yayılır. Bu işdə yeni yaradılan internet saytlarının rolunu yüksək dəyərləndirmək olar.
Digər tərəfdən mətbuatın əhatə dairəsi getdikcə daralır. Teleradio kanallarının və internet jurnalistikasının auditoriyası isə daha da genişlənir. Təbii ki, bu rıçaqlardan yararlanmaq Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında əhəmiyyətlidir. Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər qurumların maliyyə dəstəyi ilə yaradılan saytları, çap olunan kitabları nəzərdən keçirərkən çağdaş dünyada elektron şəbəkənin nə qədər effektli olduğu hiss olunur.
Ancaq dəfələrlə qeyd etdiyimiz kimi bu işdə bəzi narahatedici məqamlara diqqət yetirmək lazımdır. Birincisi, bu sahədə çalışacaq şəxslərin potensialını, bu məsuliyyətli işi davamlı necə yerinə yetirəcəyinə nəzərə almaq lazımdır. Çünki, belə hallar çox olur, sayt yaradılır bir müddət keçəndən sonra fəaliyyətini dayandırır. Nəticədə də həmin domendən ermənilərin öz təxribatçı niyyətləri üçün istifadə etmək imkanı yaranır.
Necə ki, Macarıstanda ömürlük həbsdə yatan Ramil Səfərovla bağlı internet saytı yaradıldı və sonradan həmin domenin illik haqqı ödənilmədiyinə görə, bu domen ermənilərin əlinə keçdi. Bunun özü Azərbaycanın haqlı və ədalətli təbliğat işinə zərbədir. Azərbaycanla bağlı domendən ermənilərin istifadəsi, yenidən sayt yaratması bu gün dünyada saxta erməni təbliğatına xidmətdir. Deməli, Azərbaycan həqiqətlərini yaymaq məqsədilə sayt yaradan hər bir şəxs öz məsuliyyətini dərk etməlidir. Əgər müəyyən dövr keçəndən sonra sayt fəaliyyətini dayandırmalı olsa, belə onun domenini hər il ödəniş etməklə saxlamaq lazımdır. Belə həsas məsələlərdə cəmiyyətin hər bir üzvü məmurda, sahibkarda, sıravi vətəndaşda öz dəstəyini əsirgəməməlidir.
Digər tərəfdən erməni təcavüzü ilə bağlı təbliğat işində bədii filmlərin çəkilişi faydalı olar. “Fəryad” bədii filmi istisna olmaqla, çox təəssüf ki, Qarabağ müharibəsi haqqında səviyyəli, reytinqli kino filmlərimizin adını xatırlamırıq.
Ümumiyyətlə, istər ədəbiyyat, istərsə də bədii film insanların hisslərinə təsir edir. Publisistikanın bəzən çatdıra bilmədiyi fikri kino və ədəbiyyat daha yaxşı ifadə edir. Mənə belə gəlir ki, bu təcrübədən yararlanaraq Azərbaycanın ağrılı problemini çox peşəkar səviyyədə bədii filmlərə, ədəbiyyata köçürmək mümkündür. Bunun üçün kifayət qədər potensial, mövzular, faktlar və zərurət var. Hər halda sənədli filmlərdən fərqli olaraq kinonun əhatə dairəsi kifayət qədər genişdir, tamaşaçı təbəqəsi isə müxtəlifdir. Təəssüf ki, bu gün Qarabağla bağlı yazılan bədii əsərlər oxunaqlı deyil. Çünki insanların çoxu Qarabağda və digər ərazilərdə müharibə ağrılarını öz gözləri ilə görüblər. Yəni onlar üçün bu hadisələrin bədiiləşməsi maraqlı deyil. Ancaq müəyyən zaman keçdikdən sonra “müharibə ədəbiyyatı” yaranacaq.
Bir sözlə, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini soyuqqanlı əcnəbilərə çatdırmaqda kampaniya xarakterli təbliğatdansa, daha çevik, orijinal vasitələrə əl atmaq lazımdır. Lakin bədii filmlər də, ədəbiyyat da müasir medianı əvəz edə bilməz. Müharibə şəraitində həm operativliyinə, həm sürətinə, həm də, çevik təsiretmə imkanlarına görə indiki KİV-lər müqayisəyə gəlməz dərəcədə güclüdür. Sadəcə olaraq bu güclü vasitədən, bu sahədə intellekti, təcrübəsi olan insanlardan sözün yaxşı mənasında millətin ali məqsədləri üçün istifadə etmək lazımdır.
Ümumiyyətlə, informasiya müharibəsində cəmiyyətin bütün təbəqələrinin aktiv olması zəruridir. Digər tərəfdən bu işi elə görmək olar ki, yalançı vətənpərvərlikdən tam uzaq olaraq medianın heç bir ali prinsiplərinə, sivil mahiyyətinə xələl gəlməsin.