Deputat Musa Quliyevin təklifləri var
Azərbaycanda yas mərasimlərilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin maraqlı təklifləri var.
Modern.az saytına açıqlamasında millət vəkili qeyd edib ki, artıq hüzr yerləri üçün nəzərdə tutulan çadırlar böyük problemə çevrilib: “Bu həm yollarda tıxaçların yaranmasına, həm də insanların böyük miqdarda xərcə düşməsinə səbəb olur. Bəzən elə çadırlar olur ki, insanlar onu 10-15 min manata kirayə edirlər”.
Millət vəkili bunun düzgün hal olmadığını söyləyib. Onun sözlərinə görə, əvvəllər yas mərasimləri Xeyir-şər evlərində keçirilirdi.
“Amma təəssüf edirəm ki, sonrakı dövrlərdə bu sahəyə diqqət azaldı. Yeni Xeyir-şər evləri tikilmədi, əksinə onların bir çoxu ləğv eildi. Əvəzində yas çadırları ortaya çıxdı. Hesab edirəm ki, indi Bakı şəhərində- xüsusilə mərkəzdə Xeyir-şər evlərinə imkan yoxdur. Yenidən şəhərin mərkəzində Xeyir-şər evlərinin tikilməsi çətin məsələdir”-deyən millət vəkili qeyd edib ki, bu məqsədlə yeni tikilən binaların zirzəmilərindən və ya birinci mərtəbələrindən istifadə etmək olar.
M.Quliyevin təklif etdiyi variantlardan biri də yas mərasimlərinin birmənalı olaraq məscidlərə köçürülməsidir: “Yas mərasimləri Xeyir-şər evlərindən, çadırlardan məscidlərə köçürülməlidir. Hesab edirəm ki, Azərbaycanda xeyli sayda məscid var, Bakıda da məscidlərin sayı kifayət qədərdir. Yas mərasimlərini həyata keçirmək üçün məscidlərin fonduna daxil olan obyektlər mütləq tikilməlidir”.
Millət vəkili yas mərasimlərinin məscidlərə köçürülməsinin vacibliyini göstərən digər bir məqama da diqqət yönəldib: “Məscid Allahın evidir və burada yas mərasimlərini təşkil etmək daha düzgün sayılar”.
Məsələnin həlli üçün Milli Məclisin hər hansı bir təşəbbüslə çıxış etməsinə gəlincə, deputat bildirib ki, Azərbaycanda din dövlətdən ayrıdır və ona görə də onların hər hansı bir təklifi keçərli ola bilməz:
“Əgər Şeyx bu məsələlərlə bağlı hər hansı bir təklif versə, məsələ öz həllini tapacaq. Ancaq bunu da qeyd edim ki, bu gün restoranlar biznes sahəsi olduğu kimi, hüzr mərasimləri üçün hazırlanan çadırlar da biznes növüdür. Medalın bir üzü restoranlar, bir üzü isə çadırlardır. Bu, böyük bir biznesdir. Hər halda, Qafqaz Müslmanları İdarəsi təklif irəli sürsə, məsələnin öz həllini tapaçağına inanıram” -deyən M.Quliyev əlavə edib ki, hüzrə günlərinin sayını azaltmaq lazımdır:
“Birinci bu, insanları çox yükləyir. İkincisi isə məsrəfi artırır. Təklif edərdim ki, rəhmətə gedənə bir dəfn olunduğu gün, bir də ya yeddisində, ya da qırxında ehsan verilsin”.
Millət vəkili eyni zamanda hüzr mərasimlərini aparan mollalarla bağlı bir ölçü götürülməli olduğunu da söyləyib: “Mollalara lisenziya verilməsi, onların qeydiyada götürülməsi, maaşların verilməsi məsələləri də öz həlini tapmalıdır ki, yaranan qarışıqlar aradan qaldırılsın. Yoldan keçən adam özünü molla kimi təqdim edir, hüzr sahibi də məclisini onun ixtiyarına verir. Hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi bunu da tənzimləməlidir”.
Sədaqət SÜLEYMANOVA