Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birlikdə əraziləri işğal olunmuş rayonlardan olan məcburi köçkün və şəhid ailələri üçün iftar süfrəsi təşkil edib.
Bu barədə Modern.az-a Qaçqınların və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Bütün müsəlman aləminin səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayında edilən ən böyük ibadətlərdən biri də oruc tutmaqdır. Oruc tutmaq fəzilətli bir əməl olduğu kimi, oruclu bir kimsəyə iftar vermək də onun qədər fəzilətlidir. Məhz elə bu fəzilətli əməlin savabına nail olmaq və cəmiyyətin aztəminatlı təbəqəsinə müəyyən mənada dəstək vermək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə birlikdə əraziləri işğal olunmuş rayonlardan olan 200 nəfər məcburi köçkün və şəhid ailəsi üçün avqustun 22-də iftar süfrəsi təşkil edib. İnsanları sevmək, onlara qayğı göstərmək, dərdlərinə şərik olmaq, yurd-yuvalarından didərgin düşən soydaşlarımıza, onların timsalında imkansız ailələrə imkanımızın çatdığı qədər kömək edilməsi ən azından insanlıq və vətəndaşlıq borcudur. Bu savab əməli həmişə etməliyik”-deyə “Dövlətqaçqınkom”dan bildirilib.
İftar süfrəsi ilə əlaqədar tədbir iştirakçıları, məcburi köçkün və şəhid ailələri təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Aytən ƏLİYEVA