Kollektiv Təhlükəsizlik Təşkilatının avqustun əvvələrində keçirilən sammitində maraqlı məqamlar qeydə alınıb. Modern.az “Ejednevney Jurnal”–a istinadən bildirir ki, sammit çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla Belarus prezidenti Lukaşenko arasında olan dialoq bu təşkilata üzv olan ölkələr arasında mövqe fərqlərinin olduğunu üzə çıxarıb. Belə ki, görüş zamanı Sərkisyan Lukaşenkonu Azərbaycanpərəst mövqe tutmaqda ittiham edib. Sərkisyan bildirib ki, “rəsmi Minsk Azərbaycanın Dağlıq Qarabağ məsələsini BMT-də müzakirə çıxarmaq cəhdinin əleyhinə çıxmayıb”.
Jurnalın qənaətincə, bu ittihamlar KTMT-yə üzv olan ölkələr arasında fikir müxtəlifliyinin göstəricisidir. “Bu təşkilatın hərbi –siyasi cəhətdən zəif və davamsız olduğunu göstərir. Halbuki, bu təşkilat üzv ölkələrin təhlükəsizliyini qorumaq üçün yaradılıb”-deyə bildirilib.
Qeyd edək ki, Rusiya ilə neft münaqişəsi səbəbiylə gərginləşən münasibətlər üzündən Lukaşenko Moskvadan enerji asılılığını aşağı salmaq qərarına gəlib. O, bu məqsədlə neftin bir hissəsini Azərbaycandan almağa başlayıb. Bundan başqa, Belarus rusların “Əmanətbank”ın şərtlərindən imtina edərək Azərbaycanın kreditlərindən istifadə edib.