Bu gün Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.
Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, 2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub.
Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.