Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvləri Şahin Camalov, Zəlihə Tahirova, Elmira Ələkbərova 7 saylı cəzaçəkmə müəssisəsində növbəti başçəkmə-monitorinq keçiriblər.
Modern.az-ın xəbərinə görə, başçəkmə-monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib.
Eyni zamanda 22 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparıb və hüquqi yardım göstərilib.
Komitə üzvəri ilə söhbət zamanı bəzi məhkumlar pis rəftarla və bir sıra neqativ hallarla bağlı şikayətlərini çatdırıblar.
Monitorinq zamanı sovet hakimiyyəti illərində tikilmiş digər CCM-lərdə olduğu kimi 7 saylı cəzaçəkmə müəssisəsində də sıxlıq problemi müşahidə edilib.
"Cəzaçəkmə müəssisəsində psixoloqun olmaması da problemlərdən biri kimi qeyd edilə bilər. Baxmayaraq ki, cəzaçəkmə müəssisəsindəki məhkumların hər dörd nəfərindən birinin narkotik asılılığı var, məhkumların hər 16 nəfərindən biri isə psixi xəstədir. Belə vəziyyətdə istər personal, istərsə də məhkumların üzərinə böyük psixoloji yük düşür.
Xüsusilə qeyd etmək lazımdır ki, CÇM-in həyəti, mətbəx və yeməkxanası təmiz, ərzaqların saxlanma vəziyyəti yaxşıdır, ibadət otağı, kitabxana və görüş otağı səliqəli və təmirlidir.
Başçəkmə zamanı müəssisənin kitabxana fonduna pis rəftar və korrupsiya qarşı mübarizəyə dair kitablar verilib-deyə İctimai Komitə bildirib.
Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
Modern.az