AFFA İntizam Komitəsinin bu gün Premyer Liqanın son turunda baş verən iki oyun - «İnter» - «Bakı» və «Qəbələ» - AZAL matçlarında baş verən hadisələrlə, daha dəqiqi, iki futbolçuya münasibətdə çıxardığı qərar, ən azı, təəccüb doğurmaya bilməz.
Söhbət İntizam Komitəsinin «Qəbələ»nin futbolçusu Mahir Şükürovla «İnter»in qapıçısı Georgi Lomaya barəsindəki qərarları arasındakı anormal fərqdən gedir.
Bu haqda az öncə oxucularımıza məlumat vermişik, amma bu iki futbolçu haqda qərarı bir daha nəzərinizə çatdırırıq.
Əvvəlcə Mahir Şükürovla bağlı qərara diqqət yetirək:
- “Qəbələ”nin futbolçusu Mahir Şükürov aqressiv oyuna (rəqibə başla zərbə) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalandırılır, klub 4000 manat cərimə olunur.
Lomaya haqda qərarda isə qeyd edilir:
- Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun qapıçısı Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimələnir.
Mətləbi çox uzatmaq deyirəm: istənilən futbol mütəxəssisi və bu qərarı çıxaran istənilən şəxslə mübahisə etməyə hazıram: bu, çox ədalətsiz və çox cəsarətsiz bir qərardır!
Bəli, razıyıq, Mahir Şükürov AZAL-ın futbolçusu Zohair Benuahiyə arxadan başla zərbə endirib. Kapitan bu zərbəni endirməməliydi, amma daha nə edək, əsəblərini cilovlaya bilməyərək zərbəni endirib və mərakeşli futbolçu da həmin epizodda, «Qəbələ» rəsmilərinin dediyi kimi, özünü artistcəsinə yerə vurub.
AFFA-nın İntizam Komitəsində qərar çıxaran bəylərin fikrincə, aqressiv oyuna (rəqibə başla zərbə) görə futbolçuya dörd oyunluq cəza vermək olar, hətta klubunu iki min manat cərimə eləmək də. Mahirə iki oyunluq cəza da vermək olardı, amma mən bu məsələni müzakirəyə çıxarmaq istəmirəm. Deyək ki, İntizam Komitəsi haqlıdır.
Amma məsələnin təəccüb doğuran tərəfi odur ki, İK «İnter»in qapısıçı Lomayaya münasibətdə çox yumşaq və qorxaq bir qərar çıxarıb.
AFFA bu au adamı, Georgi Lomayanı başqa heç nəyə görə yox, məhz «Bakı»nın futbolçusu Nurlan Novruzovun sinəsinə təhlükəli zərbə endirdiyi üçün iki oyunluq cəzalandırıb.
Çox gözəl, bravo!
Hörmətli bəylər, bəs, Lomayanın tərbiyəsizliyinə niyə göz yumursunuz?
Gürcüstanlı qapıçı bu oyundakı qalmaqal zamanı, oxucu da bağışlasın, cinsiyyət orqanını referiyə göstərməklə onu təhqir edir. Bu epizodu hamı görüb: oyunu televiziyada canlı yayımla izləyən onminlərlə ya yüzminlərlə tamaşaçı da, matça stadionda tribunada baxan minlərlə azarkeş də.
AFFA İntizam Komitəsinin üzvləri, bəs, siz bunu görmürsünüz? Yoxsa, gözünüz görmür? Bəlkə, özünüzü görməzliyə vurmusunuz?
Hansısa bir legioner ya harınladığından, ya da bilmirəm, başqa nəyəsə görə, bizim hakimimizi, bəzilərinin yaxşı görməsi üçün böyük böyük hərflərlə yazıram, BİZİM TORPAQDA BİZİM HAKİMİMİZİ hamımızın gözü qarşısında təhqir edir, amma siz ona cəmi iki oyunluq cəza verirsiniz.
İllərdir İK-də oturub, AFFA-nın büdcəsinə pul gətirən bəylər, futbolçunun cinsiyyət orqanını göstərməklə ədəbsiz, tərbiyəsiz hərəkətinin cəzası, axı, iki oyunluq diskvalifikasiya deyil. Əgər bunları bilmirsinizsə və özünüzü həqiqətən də bu millətin övladı sayırsınızsa, o zaman çox uzağa yox, qanımız və dinimiz bir olan Türkiyənin nümunəsinə baxın: Lomayanın hərəkətinin bənzərini hələ bir neçə il əvvəl fransalı Paskal Nuama «Beşiktaş»da parlayan vaxt Türkiyə çempionatında «Fənərbaxça»ya qol vurduqdan sonra etmişdi. Türklər o zaman Numaya daha bizimki kimi iki oyun cəza vermədilər, birdəfəlik türk futbolundan sildilər. Başa düşürsünüz, yaxşı görməyiniz üçün yazıram, Türkiyə futbolundan birdəfəlik SİLDİLƏR!
Çünki o, türk futbolunu, türk futbolçusunu, türk azarkeşini və Türkiyə xalqını təhqir etmişdi.
Bəs, siz necə, AFFA-da oturan bəylər, təkrar-təkrar yazıram, Lomayanın bu tərbiyəsizliyini millət üçün təhqir hesab etmirsiniz?
Daha mətləbi çox uzatmayacağam. Çünki görünür, yalnız belə jestləri adi qəbul edənlərdən belə adi qərar gözləmək olardı.
Və sonda…
İntizam Komitəsinin üzvlərini bir kənara qoyaq, bəs, sən hardasan, Xaqani Məmmədov, niyə səsin çıxmır? Niyə öz hakimlərinin müdafiəsinə qalxmırsan? Hamıdan - biz jurnalistlərdən, azarkeşlərdən əvvəl birinci məhz sən bu qərara etiraz eləməlisən. Bu, sənin borcundur. Amma sənin hakimin təhqir olunur, AFFA çıxardığı qərarla Lomaya kimilərinin bu ədəbsizliyini adi bir hal kimi qiymətləndirir, sən isə… acizcəsinə hakimini söyən birinə az qala haqq qazandıran qərarı sakit-sakit oxuyursan.
ELGÜN
Qol.az