Modern.az

Səməd Seyidovdan ETİRAZ: “Bu, Azəbaycana qarşı növbəti qərəzdir”

Səməd Seyidovdan ETİRAZ: “Bu, Azəbaycana qarşı növbəti qərəzdir”

16 May 2018, 16:46

Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir, ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, dəfələrlə Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarların şahidi olublar.

"Dünən qəbul edilən qərar Azəbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir".

Qeyd edək ki, ötən gün AŞ PA-nın Prosedur qaydaları və institusional məsələlər komitəsi Assambleyanın bəzi üzvlərinə, o cümlədən S.Seyidova qarşı sanksiyalar tətbiq edib.

Müvafiq qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S.Seyidov fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozub. Onlar müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib.

S.Seyidov deyib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibi Milli Məclis tərəfindən təsdiq edilib.

O bildirib ki, məlum sanksiyalar Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə heç bir təsir etməyəcək.

"Nümayəndə heyətimizin tərkibi yanvar ayında AŞPA tərəfindən təsdiq edilib. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti fəaliyyətini yüksək səviyyədə həyata keçirir. Bu belə də olacaq".

S.Seyidov qeyd edib ki, heç kəs Azərbaycanı həmin qurumdan uzaqlaşdıra bilməz:

"Qəbul olunmuş sanksiya bizə məhdudiyyət qoya bilməz. Yəni, bu sanksiya Dağlıq Qarabağ probleminin orada qaldırılmasına əngəl ola bilməz”.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər