Rusiyanın populyar radiosu olan “Exo Moskvı”nın “48 dəqiqə” proqramında SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovla canlı müsahibə efirə veriləcək. Modern.az bildirir ki, avqustun 25-də Moskva vaxtı ilə 21.03-də efirə gedəcək bu müsahibəni radionun azərbaycanlı əməkdaşı, jurnalist Nərgiz Əsədova aparacaq. Onunla birgə efiri radionun baş redaktoru Aleksey Venediktov bölüşəcək. M.Qorbaçov 1991-ci ilin avqustunda SSRİ-də baş vermiş qiyamla bağlı fikirlərini bildirəcək.
Artıq “Exo Moskvı” verilişin anonsunu saytında yerləşdirib. Azərbaycanlı dinləyicələr efirə suallar göndərməklə M.Qorbaçovun cavablarını ala biləcəklər.
“Exo Moskvı” radiosunda baş redaktorun müavini olan azərbaycanlı Nərgiz Əsədova 1980-ci il noyabrın 28-də Liviyanın Tripoli şəhərində dünyaya gəlib. 2004-cü ildə Asiya və Afrika ölkələri İnstitutunu bitirib. 2007-2009-cu illərdə “RİA-Novosti” agentliyinin Vaşinqton bürosuna rəhbərlik edib. 2005-ci ildən “Exo Moskvı” radiosu ilə əməkdaşlıq edir. A.Venediktov ilə birgə bir sıra dövlət başçıları, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevlə müsahibə götürüb.
2002-ci ildə ərə gedib, hazırda bir qızı var.
Modern.az