Modern.az

Hacı, yoxsa Həci?

Hacı, yoxsa Həci?

1 Dekabr 2009, 18:07

Həcc Allahın vacib buyurduğu əməldir və hər il onun icrası üçün milyonlarla müsəlman uca Tanrıdan günahlarının bağışlanmasını diləmək məqsədilə Kəbənin ətrafına toplaşır. Artıq bir neçə gündür dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar Məkkə şəhərindəki müqəddəs yerləri ziyarət edərək hacı adını qazanıblar. Kəbəni ziyarət edənlərə Azərbaycanda həm hacı, həm də həci deyirlər. 

 

Təzə Pir məscidinin axundu Hacı Əhməd hacı sözünün düzgün olduğunu hesab edir: “İnsanlar Allahın evini ziyarət etdikləri üçün onlara hacı deyirlər. Quranda Həcc surəsində nazil edilib ki, hər bir müsəlman Allahın evini qəsb etməlidir, yəni ziyarət etməlidir. Həccə gedən insanlara isə hacı deyilməlidir”.

 

Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat institutunun aparıcı elmi işçisi, filologiya elmlər namizədi Şahbaz Musayev bildirib ki, düzgün variant  hacıdır: “Bakının kəndlərində şivəyə uyğun olaraq yalnız həci işlədilir. Ancaq Həcc ziyarətinə gedənlərə hacı deyilməlidir”.

 

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova da eyni fikirdədir: “Həcc ziyarətinə gedən kişilərə hacı, qadınlara isə hacı xanım deyilir. Həci isə müxtəlif regionlarda dialekt söz kimi işlənir”

Həcc ziyarətində olmuş jurnalist Elbrus Seyfullayev hacı sözünün yazılış və tələffüsünün eyni olduğunu düşünür: “Adətən kəndlərdə bunu həci kimi tələffüz edirlər. Ancaq düzgün variant hacıdır”. 

Günay MUSAYEVA 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı