ABŞ-ın Seuldakı Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Şimali Koreya ilə etibarlı əlaqələrin qurucusu hesab edilir.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın “Asaşi” qəzeti məlumat yayıb.
Qəzet bu informasiyanı Ağ Ev və Dövlət Departamentindəki mənbələrinə istinadən təqdim edib.
Onların məlumatına əsasən MKİ-nin ştat işçisi etnik cəhətdən koreyalı Endrü Kim iki ölkə arasında gizli dialoqun effektiv bir kanalını yaratmağı bacarıb.
Kim MKİ-də artıq 25 ilə yaxın bir müddətdə fəaliyyət göstərib. Bu müddətdə o, Tokioda missiyalar həyata keçirib, uzun bir müddətdə isə Seulda rezident olub. Kim təxminən 2010-cu ildə Şimali Koreya ilə etibarlı əlaqə kanalı yaratmaq tapşırığı alıb və bu missiyanın öhdəsindən uğurla gəlib.
Məhz onun fəaliyyəti sayəsində və müşayiəti ilə ABŞ dövlət katibi Mayk Pompeo mayın 9-da Şimali Koreyaya səfər edib.
Həmçinin Kim şəxsən Şimali Koreya lideri Kim Çen In ilə Pompeonun danışıqlarında iştirak edib. Və bunu qeyd etmək lazımdır ki, məhz onun səyləri nəticəsində tarixdə ilk dəfə iki ölkə liderlərinin birbaşa görüşü barədə razılıq əldə edilib.
“Asaşi”nin informasiya mənbəyinin verdiyi məlumata görə MKİ bundan sonra da iki ölkə arasında yaranmış əlaqələrdə mühüm rol oynayacaq.
Əvəz ZEYNALOV