Modern.az

Deputatların payız planları... (I yazı)

Deputatların payız planları... (I yazı)

Parlament

24 Avqust 2011, 15:08


Milli Məclisin deputatlarının yay tətili sona yaxınlaşır. Sentyabrın 15-dən Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-dan isə plenar iclaslar keçiriləcək. Maraqlıdır, iyul ayının 15-dən tətildə olan deputatlar məzuniyyət muddəti ərzində hansı sahə üzrə qanunvericilikdə boşluqlar görüblər, onlar seçiciləri əsasında hansı məsələləri payız sessiyasında qaldırmağı planlaşdırırlar?

Modern.az saytı bununla bağlı  millət vəkillərindən ardıcıl olaraq münasibətlər təqdim edəcək.

Millət vəkili Fazil Müstafa bir neçə vacib məsələni Milli Məclisin payız sessiyasında qaldıracağını bildirib. Deputat deyib ki, qaldıracağı ən vacib məsələlərdən biri mülkiyyət toxunulmazlığı ilə bağlı olacaq: “Bu, olduqca çox vacib bir məsələdir. Son vaxtlar Bakıda və Azərbaycanın digər böyük şəhərlərində söküntü işləri intensiv xarakter alıb. Bu da vətəndaşların hüquqlarının pozulması ilə müşahidə olunur. Mən hesab edirəm ki, bu sahə ilə bağlı məsələləri konkretləşdirməliyik”.

Deputat bu məsələni  Milli Məclisin payız sesiyasında mütləq qaldıracağını bildirib.

F.Mustafa ikinci toxunacağı məsələninin şəhərsalma ilə bağlı olduğunu bildirib. Deputat deyib ki, məsələ xeyli gecikib və hesab edir ki, bunu vaxtında həll eləmək lazımdır:
“Digər toxunacağım məsələ korrupsiyaya qarşı mübarizə ilə bağlıdı. Azərbaycanda korrupsiyaya qarşı mübarizəi ilə bağlı Prezidentin birbaşa dəstəyi ilə iş aparılırdı. Ancaq nədənsə bu, yarımçıq saxlanıldı. Milli Məclisin payız sessiyası öz işinə başlayanda mən antikorrupsiya ilə bağlı kampaniyanın yarımçıq saxlanılmasının səbəbini soruşacam. Çüki bunun mənfi mənada fəsadları var və həmin fəsadlardan bütövlükdə cəmiyyətimiz əziyyət çəkir. Toxunacağım digər bir məsələ isə “Siyasi partiyalar haqqında” və “Eks-prezidentlər haqqında” qanun layihələr olacaq. Hesab edirəm ki, “Siyasi partiyalar haqqında”  qanunun qəbulu gecikdikcə, bu, partiyaların inkşafına mane olur. Digər bir məsələ - “Eks-prezidentlər haqqında” qanun da mütləq olmalıdır ki, Azərbaycanın prezidentləri olmuş şəxslərin statusu müəyyənləşsin. Vacib məsələlərdən biri isə Ermənistanla bağlıdır. İran rəsmisi bu yaxınlarda belə bir açıqlama verib ki, İranda tutulan PPK-çılar deyirlər ki, onlar Ermənistanda təlimlər keçirlər. Şubhə doğurmur ki, bu təlimləri Azərbaycanın işğal olunan ərazilərində keçirlər. Mən bu məsələni Avropa Şurasında qaldıracağam, beynəlxalq təşkilatlar, dünyanın iri dövlətləri bu məsələyə münasibət bildirsinlər”.

Deputat Rəfail Cəbrayılovun da Milli Məclisin payız  sessiyasında qaldıracağı xüsusi məsələlər var. Millət vəkili Modern.az-a açıqlamasında bildirib ki, qanunlar nə qədər çox olsa da, beynəlxalq standartlara cavab versə də, istənilən an onlarda boşluqlar yaranır və bu da cəmiyyətin inkşafı ilə bağlıdır:
“Ona görə də hesab edirəm ki, qanunlarda tez-te dəyişikliklər olunmasına ehtiyac var. Cənab Prezident avtoxuliqanlığın qarşısının alınmasıyla bağlı xüsusi göstərişlər vermişdi. Ancaq mən istəyirəm ki, avtoxüliqanlıq Cinayət Məcəlləsinə daxil olunsun. Çünki bizdə hər hansı bir sürücü, yoldan keçən piyadanı vurub öldürsə də, ona Cinayət Məcəlləsi ilə deyil, yol hərəkəti Qaydalarının 263-cü maddəsi ilə cinayyət işi açılır. Mən hesab edirəm ki, bu düzgün deyil.
İkinci bir məsələ isə Cinayət Məcəlləsiylə bağlıdır. Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsini təklif  edəcəm”.

Deputat Rafiq Məmmədhəsənov Modern.az-a məlumatında bildirib ki, qaldıracağı məsələlər təhsil və səhiyyə ilə bağlı olacaq. O, qeyd edib ki, Azərbaycanda təhsillə bağlı qanun qəbul olunub, ancaq sahə qanunları qəbul olunmayıb:
“Mən hesab edirəm ki, bizdə mütləq “Orta təhsil haqqında”, “Ali təhsil haqqında”, “Elm haqqında” sənədlər də qəbul olunmalıdır. Mənim bu məsələlərlə bağlı xüsusi təkliflərim olacaq”.

Mail AĞAXANOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı