Modern.az

Siyavuş Novruzovdan İran rəhbərlərinə məsləhət: “Sabah hansı ölkəyə qaçacaqları haqqında düşünsünlər, Azərbaycan haqqında yox...”

Siyavuş Novruzovdan İran rəhbərlərinə məsləhət: “Sabah hansı ölkəyə qaçacaqları haqqında düşünsünlər, Azərbaycan haqqında yox...”

Parlament

25 Avqust 2011, 11:03

“Bizim müxalifət arxivlik durumdadır...”

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Modern.az saytına müsahibə verib.

- Siyavuş müəllim, bir müddət öncə Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrlə bağlı şöbəsi yaradıldı. Partiyanın xarici əlaqələrində hansısa irəliləyiş varmı?

-
Yeni Azərbaycan Partiyasının çox geniş beynəlxalq əlaqələri var və bu əlaqələr hərtərəfli inkişaf edir. Həm partiyalararası ikitərəfli əlaqələr, həm də beynəlxalq qurumlarda ayrı-ayrı partiya qrupları ilə təmsilçiliklə bağlı . Bu işlər mütəmadi olaraq davam edir. Asiya ölkələrinin siyasi partiyalarının idarə heyətinin üzvüyük, ora qatılan 56 siyasi partiyadan səhv etmirəmsə, 18-i idarə heyətində təmsil olunub. Eyni zamanda Avropa partiyaları ilə də sıx əməkdaşlığımız var. Onların bütün forumlarında iştirak edirik. Avropa Xalq Partiyasının tədbirlərində iştirak edirik və onlarla əməkdaşlıq edirik. Bununla yanaşı, ayrı-ayrı ölkələrin - Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna, Rusiya, Rumıniya və bir çox ölkələrin siyasi partiyaları ilə birbaşa olaraq Yeni Azərbaycan Partiyasının əlaqələri var. Qarşılıqlı fəaliyyət göstəririk və əməkdaşlıq edirik.

- Yeni Azərbaycan Partiyasının xarici ölkələrdən hər hansı müxalif partiyası ilə də əməkdaşlığı varmı?

-
Vaxtilə Ukraynanın Regionlar Partiyası ilə əməkdaşlıq edəndə bu partiya müxalifət partiyası idi. İndi artıq iqtidardadır. Yəni olur belə hallar. Əlbətdə ki, partiyanın Nizamnamə sənədlərinə, tutduğu mövqe və sistemə uyğun olaraq əlaqələrimizi qururuq. Bizim partiyaya uyğun olan Avropanın solçu, sağçı, mərkəzçi partiyaları var ki, əlaqələr qurmuşuq. Onlardan iqtidarda olan da  var, müxalifətdə olan da.

- Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında görünürmü?

-
Yeni Azərbaycan Partiyası regionda ən böyük partiyadır. Nəinki regionda, ümumiyyətlə, keçmiş sovet məkanı içərisində əhalinin sayı nisbəti ilə götürsək, fəaliyyət istiqaməti, hakimiyyətdə təmsil olunma və digər  cəhətlərinə görə öndə gedən partiyalardandır. Ümumiyyətlə, Şərqi Avropanı da daxil etməklə Yeni Azərbaycan Partiyası ən öndə gedən partiyalardandır. Həm say baxımıdan, həm seçkilərdə iştirak etmə baxımından, mandatları qazanma baxımından, həm də ölkədə apardığı ictimai-siyasi, iqtisadi-sosial islahatlar baxımından Yeni Azərbaycan Partiyasının tutduğu mövqe digər partiyaların mövqeyindən qat-qat üstündür. Xalq ilə partiya arasında olan münasibətlər və əhali ilə dövlət arasında partiyanın oynadığı rolu da xüsusi qiymətləndirirəm.

- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının yaranmasından xeyli müddət keçib. İndi belə fikir də var ki, çoxları bu partiyaya yararlanmaqdan ötrü daxil olurlar. Bilmək istərdik, Yeni Azərbaycan Partiyasına üzv olanlar partiyadan daha çox yararlanırlar, yoxsa onlar partiyaya daha çox xeyir verirlər?

-
Yeni Azərbaycan Partiyası xalqın tələbi ilə yaranan bir partiyadır. Bu partiyanın ideologiyasını ümummilli liderimiz qoyub. Burada toplanan, partiyanın yaranması üçün müraciət edən insanlar birinci gündən Azərbaycanın problemlərinin həll olunması, Azərbaycanı düşdüyü vəziyyətdən çıxması üçün müraciət ediblər. Əvvəldən axıra kimi fikir versəniz, görərsiniz ki, bizim qarşıya qoyduğumuz prinsiplər sırf o məsələləri əhatə edir ki, o məsələlər hələ 1992-ci ildə partiya yaranan zaman qarşıya məqsəd kimi qoyulmuşdu. Addım-addım da o məqsədlərin hamısına ölkəmizdə nail olunur, Azərbaycanın iqtisadi inkişafı, Azərbaycanda möhkəm dövlətin qurulması, qanunun aliliyi, dövlətçilik, sosial ədələt prinsipləri... Görürsünüz ki, bu layihələrin hamısında Yeni Azərbaycan Partiyasının əsas idioloji prinsipləri öz əksini tapıb. Bu baxımından da Yeni Azərbaycan Partiyasının üzvləri nəsə əldə etməyə deyil,  sırf bu partiyaya toplaşaraq xalqa xidmət etmək, dövləti möhkəmlətmək məqsədinə xidmət edirlər.

- Bu yaxınlarda müxalifətin cəmləşdiyi İctimai Palata “Yol xəritəsi” adlı sənədlə bağlı diskussiyalar apardı. Tədbirə YAP da dəvət olundu. Mübariz Qurbanlı bizim sayta bildirmişdi ki, onların bu təklifləri ürəkbulandırıcıdır.
İsa Qənbər də ona cavab olaraq deyib ki, Yeni Azərbaycan Partiyasının bu çür cavabı onların fizioloji göstəricisindən xəbər verir...


- Bilirsiniz, bu partiyaların heç birinin ideologiyası yoxdur. Biri adını Müsavat qoyub, amma Müsavatın ideologiyası tamam qıraqda qalıb, başqa fəaliyyət növləri ilə məşğuldur. Bu partiyanın əvvəlki nizamnamələri ilə indiki Nizamnaməsini tutuşdursaq, yerlə-göy qədər fərq olar. Ona görə də bu insanların ideologiyadan, ideyadan danışmağa mənəvi  haqları yoxdur. Digər tərəfdən, İctimai Palata qeyri-qanuni bir qurumdur və mən belə bir qurumu tanımıram, ona görə ki, ora toplaşanlar Azərbaycan cəmiyyəti tərəfindən boykot olunmuş insanlardır. Səsvermənin nəticələrinə görə, ora hər hansı bir seçkidə 5-ci, 7-ci, 9-cu yeri tutan insanlar toplaşıblar. Azərbaycan cəmiyyətini irəli aparmaq üçün hansısa bir paket hazırlamağa onların nə savadı, nə potensialı, nə də qabiliyyəti imkan verir.  Ona görə də bunlar hamısı bekarçılıq əlamətidir. Hesab edirəm ki, onların hər biri öz işləri ilə məşğul olsalar yaxşıdır. Bir neçə misal göstərə bilərəm ki, vaxtilə müxtəlif adamlar var idi ki, bu partiyalarda cəmləşmişdilər, sonradan gördük ki, öz sahələri ilə məşğul oldular və müəyyən qədər də uğur qazandılar. Yerdə qalanlar isə qabiliyyətsiz insanlardır, heç onların öz sahələri də yoxdur. Tutaq ki, vaxtilə Xalq Cəbhəsidə müşavir vəzifəsində çalışan Kamran Həsənli indi mahnı oxuyur, mahnı yazır, şoumenlik edir. O artıq getdi öz yolunu tapdı.  İndi bunlardan da ola bilər mahnı yazan olsun və ya başqa sahələrlə məşğul olsun.
Çünki bu adamların hər hansı siyasi innovasiya, siyasi texnologiyadan istifadə etmək, ümumiyyətlə siyasətlə məşğul olmaq potensialı, qabilliyyəti yoxdur. Onların hər hansı bir planı da mənasız, məzmunsuzdur və hesab edirəm ki, Azərbaycan xalqına layiq olmayan bir plandır. Onların planı ancaq Azərbaycanı geri aparıb, heç vaxt irəli aparmayıb. Bizim durumumuz xalqa bəllidir, biz bütün seçkilərdə iştirak etmişik, qalib gəlmişik. Bu Azərbaycan cəmiyyətinə də bəllidir. Onlar öz durumları haqqında fikir desinlər. Çünki dünyada nə baş verirsə, bunlar qabilliyətsiz və savadsız şəkildə Azərbaycanda əks etdirməyə çalışırlar. Çünki bu insanların özlərinin düşüncə tərzi yoxdur. Misal göstərə bilərəm ki, Ukraynada “rəngli inqilablar” dövründə ayaqqabılarını, şalvarlarını narıncı geyindilər, boğazlarına narıcı şərf bağladılar, köynəklərini dəyişdilər, nəyi dəyişirsən dəyiş, beyin, düşüncə tərzi dəyişmir. Çox bayağı şəkildə Azərbaycana bunu tətbiq etdilər, hətta Ukraynanın özündə bir nəticəsi olmadı. Siz şahidi oldunuz ki, “narıncı inqilab”ın banisləri məhkəmədə bir-birlərini rüşvətxorluqda, korrupsiyada ittiham edirlər.
Vaxtilə “narıncı inqilab” dalğasında gəlmiş ölkənin prezidenti və baş naziri indi məhkəmədə qarşı-qarşıya Ukrayna xalqının malının talan olunmasından və digər neqativ hallardan danışırlar. Sonra Gürcüstanda “Qızılgül inqilabı” baş verdi. Hərə əlinə bir dəstə gül götürdü, çıxdı küçələrə. Yenə bayağı və uğursuz bir şəkildə.  Bunlar istənilən bir ölkədə nəsə baş verirsə, onu özlərində əks etdirməyə çalışırlar. Bunlar çox biabırçı və bayağı şəkildə ortaya çıxır. Ona görə bunlar özləri arxivlik bir durumdadırlar. Bu palatada yəqin ki, bunlar  siyasi cəhətdən sağalmaq üçün toplaşıblar. Mən hesab edirəm ki, bunların siyasi sağlamlığından artıq keçib, heç bir əhəmiyyəti yoxdur. Bu elə bir prosesdir ki, artıq başa çatıb.

- Milli Məclisin ötən çağırışlarında siz daha fəal görsənirdiniz, daha çox opponentlər var idi. Amma yeni parlament dövründə bu, bir o qədər də nəzərə çarpmır. Siz Milli Məclisdə opponentsiz qalmamısınız ki?

-
Milli Məclisdə söhbət opponentdən getmir, qanunlara münasibətdən gedir. Qeyd etdim ki, Mili Məclisin statistikasına baxsaq, qanunu təqdim edən şəxsləri çıxmaq şərti ilə Milli Məclisdə ən çox çıxış edən depudatlardan biri mənəm.

- Pənah Hüseynsiz darıxmırsınız ki... Çünki o sizin danışmağınız üçün daha çox meydan açırdı.

- Pənah Hüseyn qeyri-obyektiv çıxış edirdi, mən də onu obyektivliyə dəvət edirdim. Görülən işləri ona göstərirdim ki, çıxış etsin. Xalq tərəfindən bu dəfə Pənah Hüseynə etimad  göstərilmədi və parlamentdə də təmsil olunmadı.

- Qəddafi ilə bağlı açıqlamanız birmənalı qarşılanmadı. Hətta belə bir fikir səsləndi ki, Siyavuş Növruzov Qəddafini müdafiə edir.

- Söhbət Qaddafi məsələsindən getmir. Söhbət bu gün orada həyata keçirilən addımlardan gedir. Mən qeyd etmişəm ki, burada söhbət demokratiyadan getmir, ərəb ölkələrində bu gün kifayət qədər ABŞ-ın müttəfiqləri var ki, demokratiyanın yanından heç qatarla da keçmir. Nəyə görə o ölkələrdə hər hansı bir addım atılmır. Yüz illər sülalə rejimi ilə idarə olunan ölkələr var, bu gün Amerika onlarla çox sıcaq münasibətdədir. İstər Misirdə, istər Tunisdə, Liviyada parlament də, digər orqanlar da seçki yolu ilə formalaşır. Elə ölkələr var ki, nə parlamenti mövcuddur, nə də seçki sistemi. Amerikanın yanında olan dövlətlər var ki, ən kəskin rejimlərdir. Aydın məsələdir ki, bu, demokratiya, insan hüquq və azadlıqları, oradakı sistemin, quruluşun dəyişməsi, xalqın müqədəratının həll etməsi məsələsi deyil. Torpaqların yenidən bölüşdürülməsi və sərvətlərin mənimsənilməsi prosesi gedir, vəssalam!

- İranın hərbi rəhbərliyi Azərbaycanla bağlı iddia irəli sürdü. Mətbuatdan da görürük ki, son zamanlar İran və Azərbaycan münasibətlərində bir sərinləşmə var. Necə qiymətləndirirsiniz bu məsələni?

-
Məsləhət görərdim ki, getsinlər, öz işləri ilə məşğul olsunlar, sabah hansı ölkəyə qaçacaqları haqqında düşünsünlər, Azərbaycan haqqında yox.

- Son dövrlər fikir səsləndirilir ki, dünyada gedən proseslərə rəğmən Azərbaycan hakimiyyətində zəifləmə var.

-
Azərbaycan dövləti balanslaşdırılmış siyasət aparır. Bütün dövlətlər və qonşularla bərabər əsasda öz siyasətini qurub. Azərbaycan dövləti bu gün egionumuzda təmsil olunan dövlətlərdən fərqli olaraq, hər hansı bir qurumun, hər hansı bir təşkilatın for-postu deyil. Azərbaycan dövləti özünün maraqlarını ən yüksək səviyyədə təmsil edir, müdafiə edir və qoruyur. 

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı