Modern.az

ABŞ-da Azərbaycan Cumhuriyyətinin 100 illiyi qeyd edilib  

ABŞ-da Azərbaycan Cumhuriyyətinin 100 illiyi qeyd edilib   

Aktual

21 May 2018, 09:16

ABŞ-ın İllinois ştatında yaşayan “Azərbaycanlı Amerikalılar Cəmiyyəti”nin təşkilatçılığı ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cumhuriyyətinin yaranmasının 100 illiyi qeyd edilib. Cumhuriyyətin 100-cü ildönümünü qeyd etmək məqsədi ilə keçirilən möhtəşəm yubiley gecəsində Cəmiyyətin İllinoisdə yaşayan 200-dən çox fəalı, eləcə də yaxın əyalətlərdən qonaq olan azərbaycanlılar iştirak ediblər.

Bu barədə Modern.az-a tədbirin iştirakçısı, Rəsulzadə irsini araşdıran tarixçi alim Nəsiman Yaqublu məlumat verib.


Yubiley gecəsində təşkilatçılar qonaqları salamladıqdan sonra bir çox azərbaycanlı və amerikalı dövlət rəsmiləri, alimlər tərəfindən təbrik çıxışları səsləndirilib. Çıxışlarda İllinois mer George Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə,  diaspor fəalı Tomris Azəri, Dr. Adil Bağırov, eyni zamanda Prof. Dr. Nəsiman Yaqublu, Prof. Dr. Harry Lepinske və digər qonaqlar Azərbaycan haqda xatirələrini və təbriklərini bölüşüblər.

Professor Nəsiman Yaqublu Cümhuriyyət tarixi haqqında toplantı iştirakçılarına geniş məlumat verib. Yubiley gecəsinə gələ bilməyən Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrinin zabiti azərbaycanlı Naimi Amiral (John Amiral) və digərlərinin təbrik məktubları da oxunub. Gecənin musiqili hissəsini canlandıran Azərbaycanın tanınmış tar ustadı Professor Ramiz Quliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Çinarə Məlikzadə və pianist Etibar Əsədli unudulmaz ifalarını qonaqlara bəxş ediblər.
Tədbirdə iştirak edən qonaqlara təşkilatçılar tərəfindən xüsusi olaraq hazırlanmış, Cumhuriyyətin 100-cü ildönümünə həsr olunmuş hədiyyələr də təqdim edilib. Tədbirin daha yüksək səviyyədə təşkili üçün İllinoisdə yaşayan Azərbaycan cəmiyyəti fəalları maliyyə dəstəyi göstərib.

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza