Modern.az

Mübariz Əhmədoğlu: “İt ağac kölgəsində yatar, elə bilər ki, kölgə özünündür”

Mübariz Əhmədoğlu: “İt ağac kölgəsində yatar, elə bilər ki, kölgə özünündür”

Qarabağ

25 Avqust 2011, 13:45

Bu gün “Mübariz Əhmədoğlu ilə Qarabağn saatı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son vəziyyəti təhlil edib.

Ekspert  bildirib ki, münaqişənin dinc yolla tənzimlənməsi böyük təhlükədədir. Onun sözlərinə görə, əgər yaxın zamanlarda dinc yolla tənzimlənmə prosesinə yeni stimullar verilməzsə, problemin sülh yolu ilə həlli mümkün olmayacaq: “İndiki formatda vasitəçilik institutu tamamilə sıradan çıxacaqdır. Münaqişənin dinc yolla tənzimlənməsinin indiki vəziyyətinin günahkarı yalnız vasitəçilərdir. Vasitəçilər DQ münaqişəsini tənzimləməklə deyil, müharibənin qarşısını almaqla, status-kvonu saxlamaqla ermənipərəstliklə məşğul olmuşlar. Vasitəçilərin antimüharibə addımları bu gün regionu müharibəyə daha çox yaxınlaşdırmışdır”.

SİTM deyib ki, münaqişənin tənzimlənməsində kənar faktorların təsiri ən yüksək həddə çatmışdır: “Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində vasitəçilər, eləcə də beynəlxalq qurumlar qalıq prinsipi üzrə rəftarlarını davam etdirmişlər. Dünyanın istənilən bir yerində ortalığa çıxan hər hansı bir məsələ DQ münaqişəsinin tənzimlənməsinin gedişinə tormozlayıcı təsir etmişdir. Eləcə də vasitəçilər DQ münaqişəsinin tənzimlənməsini yubatmaqda məqsədsiz deyillər. ABŞ və Rusiya DQ münaqişəsinin tənzimlənməsini öz maraqları prizmasından daha əlverişli vaxtadək uzatmaq niyyətindədirlər. Hər iki dövlət bu münaqişənin İran ərazisinə keçməsində maraqlıdırlar. Münaqişəni yubatmaqda Rusiyanın məqsədi daha da güclənib Qərbi və onun enerji maraqlarını bu regiondan qovub çıxarmaq istəyir. Münaqişənin tənzimlənməsini yubatmaqda ABŞ-ın əsas marağı regionda Rusiyanın maraqlarını sıxışdırıb çıxarmaq, öz maraqlarını genişləndirməkdir”.

Politoloq qeyd edib ki, Rusiya prezidenti D.Medvedev DQ münaqişəsinin onun imicinə vurduğu ziyanı neytrallaşdırmaq niyyətindədir. Bunun üçün o elə vəziyyət yaratmaq istəyir ki, həm üçtərəfli formatda prezidentlərin görüşü keçirilsin, həm də DQ münaqişəsinin tənzimlənməsində ciddi dəyişiklik baş verməsin: “MDB-nin Düşənbədəki yubiley sammitinə planlaşdırılması ehtimal edilən üçtərəfli görüşün əsas mahiyyəti də buna yönəlmiş idi: üçtərəfli görüş keçirilir; bütün dünya Azərbaycan və Ermənistan prezidentlərinin dialoqunun davam etdiyini görür; RF prezidentinin imici xilas olur. Formal görüşün davam etməsi Ermənistanda ciddi narahatlıq yaratmır. Çünki bu görüşdə hansısa bir sənədin imzalanması nəzərdə tutulmur. Həmin görüş Ermənistana münaqişəni tənzimlənməsinin tərəfdarı kimi görünməyə imkan yaradır. Bu da ermənilər üçün qazancdır. Azərbaycan tərəfinin bu görüşdə heç bir qazancı yoxdur. Ona görə də Azərbaycan Prezidenti MDB sammitində iştirak etməmək qərarına gəldi”.

Siyasi şərhçi hesab edir ki, DQ münaqişəsinin tənzimlənməsində Ermənistanın indiki mövqeyi onun özü ilə şərtlənmir: “İt ağac kölgəsində yatar, amma elə bilər ki, kölgə onun özünündür” məsəli Ermənistanın mövqeyini çox gözəl izah edir. Rusiyanın DQ tənzimlənməsindən başqa məqsədlər üçün istifadə etdiyinə görə yeni ehtiyacları yaranır. Bu həm Azərbaycan, həm də Türkiyə istiqaməti üzrədir. Əgər sabah Azərbaycan və Türkiyə Rusiyanın qaldırdığı məsələlərlə razılaşalar, o zaman ortalıqda olan qiymət təkcə Dağlıq Qarabağın deyil, bütövlükdə Ermənistanın qiyməti ola bilər. ABŞ RƏMS-i Türkiyədə yerləşdirirsə, Rusiyanın Ermənistan üzərində qurduğu hərbi təhlükəsizlik imkanları sürətlə sıfıra doğru yaxınlaşacaq".

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal