AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi bəyan edib ki, “Google” internet axtarış şəbəkəsinin məlumatlarında və “Google Maps” xəritəsində Azərbaycanla bağlı düzgün olmayan məlumatların yerləşdirilməsi bir çox dövlət qurumları kimi Seysmoloji Xidmət Mərkəzinin işinə də müəyyən çətinliklər törədir.
“Belə ki, AMEA RSXM-ın rəsmi internet saytı www.seismology.az –da “Google Maps”ın xəritəsindən istifadə olunur. Bu xəritə seysmoloji məlumatların yerləşdirilməsi üçün bütün dünya ölkələri tərəfindən istifadə olunur. Lakin artıq bir neçə aydır ki, istifadə etdiyimiz “Google Maps” xəritəsində Azərbaycan respublikasının ərazibütövlüyünə qarşə hörmətsizlik etdirilir. Xəritədə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonu əvəzinə Mardakert, Xocavənd əvəzinə Martunu kimi göstərilirdi. Respublika Seysmoloji Xidmət Mərkəzi rəhbərliyinin bununla bağlı Azərbaycan XİN rəhbərliyinə müvafiq müraciəti də olmuşdur. Eyni zamanda tərəfimizdən “Google” şirkətinə etiraz məktubları göndərilmişdir. Əfsuslar olsun ki, “Google” şirkəti bu müraciətlərdən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyini davam etdirir”-deyə AMEA RSXM-ın mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı Modern.az-a bildirib.
Onun sözlərinə görə, hazırda mərkəzin istifadəsində olan “Google Maps” xəritəsində işğal altında olan Azərbaycan əraziləri erməni dilində və Azərbaycana aid olmayan hissi kimi göstərilib.
“Xəritədə düzəliş etmək imkanımız olmadığına görə başqa ölkələrdə saytımızdan istifadə zamanı bizə xeyli problemlər yaranır. Odur ki, məsələnin ciddiliyini nəzərə alaraq media nümayəndələrini də bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə çağırırıq. Çünki ölkəmizin ərazibütövlüyünə qarşı hörmətsizliyin edilməsi həm də bizə qarşı olan münasibətdir”.
Modern.az