Bu gün Qaradağ rayonun Korgöz qəsəbəsində yeni çəkilmiş su kəmərinin açılışı olub. Modern.az saytı xəbər verir ki, açılış mərasimində Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov, “Azərsu” Açıq Səhəmdar Cəmiyyətinin (ASC) sədr müavini Köçərli Həsənov, Qaradağ rayonun hökümət nümayəndələri və qəsəbə sakinləri iştrak ediblər.
Açılış mərasimində çıxış edən Qaradağ rayonun icra başçısı Süleyman Mikayılov bildirib ki, dövlət proqramlarına uyğun olaraq bu gün Qaradağ rayonunda böyük işlər gedir.
“Korgöz qəsəbəsində 30 ildən artıqdı ki, su problemi var, bundan sonra bu qəsəbədə su problemi olmuyacaq”.
“Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov bildirib ki, Bakı və onun qəsəbələrinin sosial iqtisadi inkşafına dair Dövlət Proqramı imzalanandan sonra “Azərsu” təxirəsalınmaz tədbirlər planı hazırlayıb.
“Bu tədbirlər planının tərkib hissəsi olaraq Qaradağ rayonunun kənd və qəsəbələrinin su təchizat və kanalizasiya sisteminin yenidən qurulmasının layihə semeta sənədləri hazırlandı və işə başlanıldı. Çox qısa bir zamanda uzunluğu 4,4 km, diametri 250 mm olan plastik boru ilə su xətti çəkilib və bu gün qəsəbə camaatının istifadəsinə verildi. Bundan başqa, Qaradağ rayonun Lökbatan qəsəbəsində diametri 530 mm, uzunluğu 8 km olan yeni su xətti çəkilib istismara verildi. Artıq Lökbatan qəsəbəsinin 80 faizi fasiləsiz davamlı su ilə təmin olunub, qalan 20 faizi də yaxın gələcəkdə təmin olunacaq. Qaradağ rayonunun 2011-ci ildə 14 kənd və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılacaq. Eyni zamanda Qaradağ rayonunda 4 təmizləyici qurğular stansiyası tikilib istismara verilməsi planlaşdırılıb və bunun layihə smeta sənədlərinə başlanılıb. Rayonun Sahil qəsəbəsində olan təmizləyici qurğular stansiyasının rekonstruksiyasına, həm onun yeni texnoloji avadanlığla təmin olunmasına, həm də məhsuldarlığın artırılmasına dair smeta sənədləri hazırlanıb. Yaxın gələcəkdə bu işlərə başlanılacaq”.
Açılış mərasimində iştirak edən sakinlər görülən işləri yüksək qiymətləndiriblər.
Mail Ağaxanov