Milli Məclisin deputatlarının yay tətili sona yaxınlaşır. Sentyabrın 15-dən Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-dan isə plenar iclaslar keçiriləcək. Maraqlıdır, iyul ayının 15-dən tətildə olan deputatlar məzuniyyət muddəti ərzində hansı sahə üzrə qanunvericilikdə boşluqlar görüblər, onlar seçiciləri əsasında hansı məsələləri payız sessiyasında qaldırmağı planlaşdırırlar?
Modern.az saytı bununla bağlı millət vəkillərindən ardıcıl olaraq münasibətlər təqdim edəcək.
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Siyavuş Novruzov payız sessiyasında bir sıra məsələ qaldıracaq. Modern.az saytına açıqlamsında deputat deyib ki, ona müəyyən müraciətlər daxil olub:
“Siyasi partiyalarla, onların maliyyələşməsi ilə, hərbi çağırışın əsasları ilə bağlı olan müəyyən məsələlər, yaş məsələsi ilə bağlı məqamlar bura daxildir. Bununla bağlı əlavə və dəyişikliklər üçün müəyyən müraciətlər var. Payız sessiyasında çalışaçağıq ki, bu məslələri qaldıraq”.
Regional məsələlər komitəsinin üzvi Tahir Rzayev bildirib ki, deputatların tətil müddəti dövründə təxminən 10 təşkilatın bələdiyyələrlə bağlı sorğusunun nəticələri ilə tanış olub: “Nəticə bundan ibarətdir ki, bələdiyyələrə verilən səlahiyyət, bələdiyyələrlə bağlı vergi sisteminin təkmilləşdirilməsi məsələləri ilə bağlı müəyyən təkliflkər var. Ona görə də bu məsələləri Milli Məclisin payız sessiyasında səsləndirmək fikrindəyəm”.
Bundan başqa deputat qeyd edib ki, “Elektron Azərbaycan” proqramı ilə bağlı bələdiyyələrin ciddi gerilikləri var: “Bizim ayrı-ayrı dövlət qurumlarımızın, nazirliklərimizin, komitələrimizin bu sahədə irəliləyişləri göz önündədir. Artıq bu dövlət qurumlarının hər hansı fəaliyyəti, gördükləri işlər, ümumiyyətlə, bütün məlumatların elektron forması internetdə yerləşdirilir və istənilən vətəndaş bununla tanış ola bilər. Ancaq bu məsələ ilə bağlı bələdiyyələrimiz xeyli geridə qalırlar. Düzdür, şəhər bələdiyyələrində qismən irəliləyişlər var. Amma kənd bələdiyyələrində elektron məlumat məsələsi ümumiyyətlə yoxdur. Hesab edirəm ki, bu məsələnin həllinə nail olmaq lazımdır və bunu parlamentdə qaldırmaq fikrindəyəm”.
Tahir Rzayev qaldıracağı digər məsələnin isə Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirməsi ilə bağlı olduğunu qeyd edib: “Cənab prezidentin bu məsələ ilə bağlı göstərişi var, ancaq bunun üstündən bir neçə ay keçməsinə baxmayaraq, elə də ciddi irəliləyiş yoxdur. Düzdür, müəyyən sənədlər toplanılır, ancaq müvafiq qurumların bu sahədə irəliləyişləri lazımdır.
Bundan başqa, ölkənin ictimai-siyasi həyatı ilə bağlı vacib olan məsələlər, eləcə də bizi əhatə edən dünya və beynəlxalq hadisələrlə bağlı təbii ki, Milli Məclisdə zaman-zaman öz sözümüzü deyirik. Bundan sonra da deyəcəyik”.
Elm və təhsil komitəsinin üzvi Gövhər Baxşəliyeva isə bildirib ki, bu gün Azərbaycvanda elm ictimaiyyəti “Elm haqqında” qanunun qəbul olunmasını səbirsizliklə gözləyir: “Yəqinki bu məsələ payız sessiyasında bizim komitədə müzakirə olunduqdan sonra plenar iclasa verilər, mən də bu sənədin müzakirəsini gözləyirəm”.
Seçicilərin problemlərini qaldırması məsələsinə gəlincə, deputat qeyd edib ki, o, 94 saylı Bərdə kənd dairəsini təmsil edir: “Burada əsas problemlər qaz, yol, məktəb və bir neçə yerdə uşaq bağçaları ilə bağlı məsələdir. Mən onu qeyd etmək istəyirəm ki, çox vaxt seçiciləri dinlədikdən sonra müvafiq qurumlara məktubla müraciət edirəm və məktublarıma cavab da alıram. Sonra isə aldığım cavablarla bağlı seçicilərimi məlumatlandırıram”.
Aytən ƏLİYEVA