Modern.az

Tanınmış jurnalist: “Özümdən güclüsünü axtarırdım...” (MÜSAHİBƏ)

Tanınmış jurnalist: “Özümdən güclüsünü axtarırdım...” (MÜSAHİBƏ)

27 Avqust 2011, 11:48

İlhamə Qasımlı: “Psixoloqlar da deyirlər ki, həyatda çox özgür qadınlar onları yerində oturtmağı bacaran güclü kişilər arzulayırlar”

Tanınmış jurnalist, “525-ci qəzet”in sabiq əməkdaşı İlhamə Qasımlı iki ilə yaxındır ailə həyatı qurması ilə bağlı Türkiyənin paytaxtı Ankara şəhərində yaşayır. Bu günlərdə ailəsi ilə vətənə gələn İlhamə Qasımlı “525”ə müsahibə verib. Modern.az onun müsahibəsini təqdim edir. O, söhbətə jurnalistikaya gəlişindən başlayıb:

– 10-11 yaşım olanda gələcəyimi ancaq ya tibb bacısı, ya da ibtidai sinif müəlliməsi kimi görürdüm. Bu da uşaqları çox sevməyimdən irəli gəlirdi. 20 Yanvar hadisələri zamanı 42 saylı orta məktəb yoldaşlarımdan biri Nəriman Hüseynov şəhid oldu. Düzdü, onda mən artıq başqa məktəbdə oxuyurdum, amma məktəb yoldaşımın şəhid olmasında elə təsirlənmişdim ki, onunla bağlı xatirələrimi yazdım. Hətta bir-iki misra şeir də qələmə aldım. O vaxta qədər bir cümlə də yaradıcılıq bacarığımı sınamamışdım. Anam Nərimanla bağlı yazımı oxuyub dedi ki, əgər yazmağa yenə həvəsin varsa, dərnəyə-filana get. Anamın məsləhəti və dəstəyi ilə T.İsmayılov adına (keçmiş Qaqarin) Uşaq yaradıcılıq sarayının ədəbiyyat dərnəyinə yazıldım. Müəlliməm Hökumə Dərbəndə Nerimanla bağlı yazımı verdim. Bu yazı ilə dərnəyə qəbul olundum. Bir müddət sonra mətbuatda oxudum ki, Dövlət Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasının baş redaktoru Rafiq Səməndər 20 Yanvar şəhidləri ilə bağlı kitab hazırlayır. Dərnəkdəki müəlliməm Hökumə Dərbənd də həmin redaksiyada çalışırdı. O, məsləhət gördü ki, Rafiq Səməndərlə görüşüb yazını ona da verim, bəlkə kitaba saldı. Yazını apardım, bir neçə gün sonra nəticəni öyrənməkçün telefonla zəng edəndə Rafiq müəllim yazının kitaba daxil olunduğunu dedi. Düzü, inanmadım, fikirləşdim ki, məni qırmamaqçün belə deyir. Çünki o vaxta qədər məndə belə bir əminlik vardı ki, himayədarın olmasa uğur əldə edə bilməzsən. Ona görə də 1991-ci ilin 20 yanvarında kitab almağa həvəs də göstərmədim – o zaman hər kəsin bu kitabı almaqçün növbələrə dayanmasına baxmayaraq. Başqasının aldığı kitaba ümidsiz baxdım və gözlərimə inanmadım. Yazım çıxmışdı. Sevincdən qəhər məni boğmuşdu. Yazımın kitabda çıxması həyatda himayəsiz hər şeyə nail ola biləcəyimə ümidlər yaratdı.

O ANDAN MƏNİM HƏYATDA İSTİQAMƏTİM DƏ DƏYİŞDİ

Tibb bacısı və ya ibtidai sinif müəllimə olmağı arzulasam da, gündəlik mətbuatı sıx izləyirdim. Anamın yolpulu və yeməkçün verdiyi pullardan qənaət edib “Azadlıq”, “Müxalifət”, “Səs” və sair qəzetləri alırdım. Bundan başqa, abunə yolu ilə aldığımız “Kommunist”, bu qəzetin əlavəsi olan “Səhər”, “Azərbaycan gəncləri”, ”Azərbaycan pioneri” qəzetlərinin də gündəlik demək olar ki, bütün yazılarını oxuyurdum. Ən çox oxuduğum qəzetlərdən biri isə “Səhər” idi. Kitabda yazım çıxandan sonra yazı-pozu işlərinə həvəsim daha da artdı. Ona görə də ədəbiyyat dərnəyindən rəfiqəm olan Sevillə “Səhər”in redaksiyasında oldum. Baş redaktor Məzahir Süleymanzadə ilə görüşdüm. Bilmirəm, hansısa xüsusiyyətim onun diqqətini cəlb elədi deyə mənə arada onlara xəbər yazmağı məsləhət gördü. Beləcə, “Səhər”lə əməkdaşlığa başladım. Qısa müddət sonra Məzahir müəllim mənə qəzetin vəsiqəsini də verdi. Düzdü, orda ştatdankənar müxbir olduğum yazılmışdı, amma mətbuatın elə bir nüfuzu vardı ki, hər yerdə hörmətlə qarşılanırdım. Jurnalistə elə yüksək münasibət vardı ki, mən məsələn, Bakı baş polis idarəsinin rəisinə zəng vuranda köməkçi canbaşla rəislə bağlayırdı.

– Bəs necə oldu ki, ştatdan kənar müxbirlikdən ştatlı müxbirliyə keçdin?

– Bir dəfə MSK-nın sədr müavini Çingiz Qənizadə ilə geniş müsahibə aldım. “Səhər” isə, adətən, qısa xəbərlər verdiyi üçün Məzahir müəllim bu yazımı götürmədi. Ona görə də o dövrün məşhur qəzetlərindən olan “7 gün”ə apardım. Dedilər ki, redaktor Emin Eminbəylinin yanında adam var. Gözləməli oldum. Sən demə, qəzetin əməkdaşları da 2 saata yaxınmış, redaktorun yanına girmək istəyirmişlər, amma içəridəki adama görə gözləməyə məcbur olublar. Səbrim çatmadı, içəri keçdim. Hiss etdim ki, Emin müəllim də qonağın uzun müddət yanında qalmasından bezib amma üzə vura bilmir. Qonağa dedim ki, sizin işiniz-gücünüz yoxdurmu ki, bu qədər müddət iş yerində oturub insanların vaxtını alırsınız. Adam məcbur qalxıb getdi. Emin müəllimə yazımı verəndə heç yazıma baxmadan mətbəəyə göndərilməkçün imzaladı və dedi ki, bizimlə əməkdaşlığı kəsmə. Dedim siz heç yazıya baxmadan qəzetdə gedəcəyini deyirsiniz, heç mənə ciddi görünmədi vədiniz. Dedi, sən bu yazıdan narahat olma, 100 faiz qəzetdə dərc olunacaq. Mənə sənin kimi diribaş, qapıları cəsarətlə aça bilən jurnalist lazımdır. Beləcə, “7 gün”lə əməkdaşlığa başladım və bir neçə yazıdan sonra yüksək maaşla işə götürüldüm.

–Sənə ən çox uğur gətirən, imzanı tanıdan hansı mətbuat orqanı olub?

– Peşəkar mətbuatda ilk iş yerim “7 gün” olub. “525-ci qəzet”də tanındığımı deyə bilmərəm. Çünki Rəşad müəllim məni işə götürəndə artıq imzamı tanıyırdı. Amma “525-ci qəzet” mənim üçün sadəcə iş yeri olmadı, mənə mənəvi qida yeri oldu. “525”ə qədər tez-tez iş yerlərimi dəyişirdim. Xarakterim fərqlidir. Mənimlə yüksək, iddialı tonla danışılmasını qəbul eləmirəm. Ona görə də bir yerdə bir ildən artıq işləyə bilmirdim. “525”də belə münasibəti görmədim. Rəşad müəllim heç vaxt heç birimizlə göstəriş tonunda danışmayıb. Bundan başqa, Rəşad müəllim heç vaxt özünü təsdiqləmiş jurnalistə iş saatı qoymur. Deyir ki, şair, yazıçı kimi, jurnalisti də iş qrafiki ilə məhdudlaşdırmaq olmaz. Mən çox səs-küydə yazı yaza bilmirəm deyə, bu şərait ürəyimcə idi. Evdə məlumatları toplayıb yazını hazırlayırdım, işdə yazını kompyuterə köçürürdüm.

Sonralar “525”ə çox öyrəşsəm də, əslində, ora müvəqqəti getdiyimi zənn edirdim. Düşünürdüm ki, ürəyimcə iş yeri tapana qədər burda vaxt keçirim. Amma “525”ə o qədər alışdım ki, oranı öz ailəm bildim. “525”dən əvvəlki son iş yerim “Hürriyyət” qəzeti idi. Amma bu qəzet redaktorla təsisçi arasında baş verən fikir ayrılığı üzündən parçalandı. Mən elə mətbuat orqanı axtarırdım ki, orda yazılarıma subyektiv müdaxilə görməyim. O zaman, elə indinin özündə də mətbuat çox siyasiləşmişdi. Nüfuzlu qəzetlərin çoxu müxalifət qəzetləri olduğu üçün siyasi maraqları var idi. Məsələn, bu qəzetlərdə “prezident Heydər Əliyev” əvəzinə “dövlət başçısı Heydər Əliyev” yazılırdı. Söhbət kiməsə rəğbətdən getmir, sadəcə fikirləşirdim ki, əgər “prezident Heydər Əliyev” ifadəsi getmirsə, sabah başqa nələrsə getməyəcək. Mən isə təpki, basqı altında yazmaq istəmirdim. Eyni zamanda iqtidar qəzeti də istəmirdim. Kamil Həmzəoğlu ilə ailəvi dost idik və ona dedim ki, “525”ə gəlmək istəyirəm. Kamil Yusifə (“525-ci qəzet”in baş redaktor müavini Yusif Rzayev – red.) dedi, o isə Rəşad Məcidə. Rəşad müəllim o zamankı milli təhlükəsizlik naziri Namiq Abbasovla müsahibəmi “Hürriyyət” qəzetində oxumuşdu. Xüsusilə ordan yadında qalmışdım. Nadir hallarda ola bilər ki, rəhbər işçini şəxsən görüşərək işə götürməsin. Mən də işə belə götürüldüm. İki gün sonra kompyuter otağında yazı yığırdım. Rəşad müəllimi üzdən tanımırdım. Mənə salam verdi, dedi ki, qəzetin baş redaktorudur və burda işləməyimdən çox şaddır. Dediyim kimi, “525”ə müvəqqəti gəlsəm də, burada uzun müddət, düz 12 il qalmağımın səbəbi Rəşad Məcidin yaradıcı heyətlə ünsiyyətində səmimiyyət və etibar oldu. Onun etibarı, tərəfdaşına, həmkarına güvəni çox vacib idi. “525”in iş metodu məni çox qane edirdi və yavaş-yavaş gördüm ki, bu ailəyə öyrəşirəm. 97-dən 2009-cu ilədək, yəni ailə qurana kimi burada işlədim.

– Həm də qəzetdə prezident müxbiri olmusan. Yüksək rəsmi şəxslərlə maraqlı müsahibələr yazmısan. İndi jurnalistlər üçün bunlar əlçatmazdır. Səncə səbəb nədir?

– O zamanlar sanki hərbi rejimdə idim. Onda mobil telefon da yox idi. Hər an zəng vurub Prezident Aparatına tədbirə dəvət edə bilərdilər deyə həm yazıları hazırlayır, həm də on dəqiqədən bir mətbuat xidmətinə zəng edirdim. Çünki redaksiyada bir telefon xətti olduğu üçün çox vaxt məşğul olurdu. Ona görə də özüm tez-tez zəng edirdim ki, tədbirləri qaçırmayım. Amma məndən sonra Prezident Administrasiyasına akkreditasiya olunan müxbirlərdən soruşmuşam, onlar deyiblər ki, tədbirlərə çağrılmırlar, akkreditasiya vəsiqəsindən bir dəfə də olsa istifadə etməyiblər.

Heydər Əliyevin mətbuata bu münasibəti mətbuatın, jurnalistlərin inkişafanda mühüm rol oynadı. Dərzi paltar tikə-tikə öyrəndiyi kimi, jurnalist də yaza-yaza, mötəbər mənbələrlə işləyərək, hadisələrlə rastlaşdıqca təcrübə qazanır. Heydər Əliyevin dövründə təkcə bizə şərait yaratmaqdan söhbət getmirdi. Həm də onun tərəfindən bir müdafiə, mühafizə hiss edirdik. Bilirdik ki, bizə kimsə bir problem yarada bilməz. Amma o komandaya düşmək də asan deyildi. Xatırlayıram ki, Bakıda MDB səhiyyə nazirlərinin toplantısı keçirilirdi. H.Əliyev də görüş iştirakçılarının bir qrupunu qəbul edəcəkdi. O görüşdən əvvəl sırf təsadüfdən Təhlükəsizlik Şurasının toplantısı oldu. “Azadlıq” qəzetinin jurnalisti təcrübəsizlikdən yazmışdı ki, tədbirdən qabaq bu iclasın keçirilməsi Heydər Əliyevin MDB səhiyyə işçilərinin toplantısına nə qədər əhəmiyyət verdiyini göstərir. Amma həqiqətən bu tədbirlər arasında heç bir bağlantı yox idi. Bu yazıdan sonra həmin jurnalistin hətta başqa qəzetdə çalışmasına baxmayaraq prezidentin tədbirlərinə gəlməsinə qadağa qoydular. Belə məsələlərdə diqqətli olmaq lazım idi. Tənqid yazmağa, kəskin suallara görə heç vaxt akkreditasiya ləğv oluna bilməzdi. Amma sonralar şahidi oldum ki, mətbuat xidmətinin əməkdaşları jurnalistləri akkreditasiyadan məhrum olunacaqları ilə hədələyib şantaj edirlər. Bir dəfə bir yazımdan dövlət müşavirələrindən biri narazı qalmışdı və prezidentin mətbuat xidmətinə zəng edib akkreditasiyamın ləğvini istəmişdi. Ona izah eləmişdilər ki, əgər fəaliyyətimdən narazıdırsa, müsahibə verməsin, prezidentin tədbirinə gedən jurnalist barədə yalnız prezident özü qərar verə bilər. Sonradan təəssüf ki, tələblər və şərtlər dəyişdi.

– İki il əvvəl ailə qurdun və həm həyatını, həm də yaşayış yerini dəyişdin. Niyə məhz seçimin türk oğlan oldu?

– Mən bir az gec ailə qurmuşam. Rəcəb həmişə zarafatla deyir ki, ikimiz də evdə qalmaqdan qurtulduq. O da bir az gec ailə qurub. Düzü, son 4-5 ildə türk oğlanla evlənməyi düşünürdüm. Öz oğlanlarımız inciməsin, bəlkə bu qismətdir. Türkiyəyə tez-tez işlə bağlı gedirdim. Bəlkə xırda məqam kimi görünə bilər, tanışlarımdan biri həyat yoldaşına zəng etmişdi, ekranda gördüm ki, xanımının nömrəsini “aşkım” adı ilə qeyd edib. Bizdə həyat yoldaşına uşaqların anası kimi baxırlar. Ər-arvad münasibətləri əsasən mühafizəkardır. Dostlarımın “facebook”da ailəvi şəkillərinə baxıram, o qədər rəsmi dururlar ki, tanımayan deyər, dost-tanışıdır. Bizim kişilərdə kompleks var. Amma

SÖHBƏT YALNIZ ROMANTİK TÜRK OĞLAN AXTARMAQDAN DA GETMİRDİ.


Mənə deyəndə ki, niyə ailə qurmursan, deyirdim ki, özümdən güclüsünü axtarıram. Psixoloqlar da deyirlər ki, həyatda çox özgür qadınlar onları yerində oturtmağı bacaran güclü kişi axtarılar. Mən də eləsini istəyirdim ki, sərtliyimdən çəkinməsin. Tam təsadüfən, Rəcəblə tanış oldum. Sonra əsas əlaqələrimiz internet və telefon vasitəsilə davam etdi. Əvvəlcə ciddi baxmırdım, bir dəfə söhbət etdim, işlərim olduğu üçün az danışdım. Sonra Rəcəb yazdı ki, danışmaq istəmirsən de, mənim də vaxtım yoxdu sənin havanla oynamağa. Rəcəbin konkretliyi və açıqlığı xoşuma gəldi. İstəyimə yaxın biri idi. Bir ilə yaxın telefon əlaqələrimiz davam etdi və Rəcəb artıq Bakıya gələsi idi. Amma qəfildən mənim Ankaraya ezamiyyətim oldu. Təbii ki, Rəcəblə də o zaman şəxsən tanış olduq. Bu səfər Rəcəbi həm şəxsən tanımağıma, həm də onun çevrəsi və ailəsi ilə bağlı məlumatları araşdırmağıma kömək oldu. Sonradan düşündüm ki, yaxşı ki, əvvəlcə mən Ankaraya gəldim. Çünki Rəcəb Bakıya gəlsə idi, onu olduğu kimi tanıya bilməzdim. Bunu çox az adam bilir, Rəşad müəllimin bu məsələdə çox böyük yardımı olub.
Rəşad müəllim Türkiyədəki şəxsi əlaqələrindən istifadə edərək Rəcəbi, onun ailəsini, çevrəsini araşdırmaqda mənə kömək etdi. Çünki gec yaşımda, öz ölkəmdən uzaqda yuva qurmaqda tərəddüd edirdim. Rəcəblə bağlı bütün məlumatlar pozitiv oldu. Bir gün Rəcəb mənə zəng vurub dedi ki, sənin adamların bələdiyyəyə gəlib məni araşdırırlar. Əvvəlcə çəkindim, dedim xəbərim yoxdu. Dedi, bələdiyyədə hər kəs dedi ki, qızın adamlarının araşdırması o deməkdir ki, təsadüfi bir adamla ailə qurmursan. Çünki bəzi qızlar kimlə evlənmələrinin fərqinə varmadan xaricdə yaşamaq marağı ilə evlənirlər. Son qərarı verməyə o qədər tərəddüd edirdim ki, hətta nikahla bağlı bəzi notarial sənədləri düzəltdirmək prosesində kiçik bir maneə və ya problem olsaydı, bunu bu evliliyə Allahın razı olmaması kimi qəbul edəcəyimə qərar vermişdim. Amma zərrə qədər də olsa maneəm olmadı... 2009-cu il oktyabrın 12-də Ankarada nikahımız, 18-də Bakıda, 24-də isə Türkiyədə toyumuz oldu.

– Türk oğlanları ilə ailə quran azərbaycanlı qızlar, xüsusi ilə jurnalist xanımlarımız çoxdur. Onların əksəriyyəti həyatlarından razıdır. Səncə türk oğlanlarını bizim qızlarda nə cəlb edir?

– Həm Rəcəbin, həm də orda azərbaycanlı xanımlarla evli olan türk oğlanlarının dediklərinə görə, bizim qızlar ailə ənənələrinə daha çox bağlıdırlar və həyat yoldaşlarına daha diqqətlidirlər. Bundan başqa, bizim qızlarla evlənən türk oğlanlar deyirlər ki, azərbaycanlı qadınlar ailə büdcəsini bacarıqla idarə edə bilirlər.

Türk qadınları gündəlik həyatda bəzək-düzəyi bizimkilər qədər sevmirlər və daha çox idman stilində geyimə üstünlük verirlər. Bir dəfə dayanacaqda iki qadın gördüm, hündür dabanlı ayaqqabıda, makiyajda idilər. Türkiyədə bəzək-düzəkli qadın görməyimə təəccübləndim. Təsadüfən eyni avtobusa mindik və mən yaxınlaşıb onlarla tanış oldum. Bəlli oldu ki, özbəkdirlər. Yəni dediyim budur ki, bir türk qadınının gündəlik həyatda makiyaj və dikdaban ayaqqabı ilə görmək müşkül məsələdir. Türk qadınlar gözəllik məsələlərinə bizim qadınlar qədər diqqət ayırmırlar.

Mənim fikrimcə, türk kişilərinin üstünlüklərindən biri də bütün məsələlərdə, o cümlədən mətbəx işlərində qadına dəstək vermələridir. Çox ailələr var ki, evin kişisi özəl günlərdə çox həvəslə yemək bişirər. Etiraf edim ki, həm işə daha çox vaxt ayırmağıma, həm də ananın ərköyün övladı olduğuma görə güclü evdarlığım yoxdur. Evdə yaxşı bacardığım tək iş yemək bişirməkdi. Başqa işləri çox vaxt çatdıra bilmirəm. Amma Rəcəb heç vaxt bunu problem etmir. Xüsusilə qonaq gələndə mütləq evi bərabər təmizləyirik. Baxmayaraq ki, çox sərt və ciddi xasiyyəti var, amma qonaq gələndə bərabər işləyirik, ayağını ayağı üstünə qoymur. Dostlarımın çoxu bilir ki, anam yanımdadır, indi də bərabər gəlmişik Bakıya. Təbii ki, Rəcəbin istəyi olmasaydı, anamı yanıma aparmağım asan olmazdı...

– Anan Türkiyədə darıxmır ki?

– Əvvəl bir az darıxırdı, indi xüsusilə uşaq olandan sonra darıxmır. Hətta indi Bakıda Türkiyə üçün darıxır. Deyir orda daha rahatdır. Çünki Azərbaycanda yaşam standartları, bayaq dediyim kimi, çox aşağıdır. Burda əsas insanın dörd divarının olmasıdır. Elə adam var ki altında CİP maşını var, amma qabları əllə yuyur. Və ya elə ailələr var ki, 2 otaqda 4-5 nəfər yaşayır. Türklər isə rahatlıqlarının qeydinə çox qalırlar. Orda xadimənin evində də qabyuyan maşın var. Rəcəb subay vaxtlarında 4 otaqlı evdə qalırdı. Biz yeni evlənəndə Azərbaycansayağı təfəkkürlə dedim 4 otaq nəyimizə lazımdı, at çapmayağağıq ki... 2 otaqlı ev axtarırdım, amma tapa bilmədim. Amma sonralar bu rahatlığa elə alışdim ki, indi deyirəm ki, 4 otaq da azdı... Bakıya yeni gələndə qohum evində qaldıq. Amma Rəcəb bir-iki gün sonra dedi ki, bu qədər qohum evində qalmazlar. Ona görə günlük kirayə ilə ev götürdük, amma şəhərin mərkəzi olmasına və bu evdə hər zaman xaricilərin yaşamasına baxmayaraq ev sahibi vacib əşyaları Azərbaycan standartları ilə alıb. Məsələn, Türkiyədə ev təmizliyində əlin suya, döşəmə dəsmalına dəymir. Burda isə köhnə dədə-baba qaydasıdır. Burdakı standartlar bəlkə də Türkiyənin hansısa bir ucqar kəndində istifadə olunar. Şəhərin mərkəzində xarici vətəndaşlarla işləyən bir əmlakçı evində bu şəraiti yaratmır. Çünki o, bu yaşam standartları çərçivəsində düşünür. Bundan başqa şəhərin tam mərkəzi olsa da, axşam vaxtı bina zil qaranlıq olur, binaların qarşısı isə natəmiz vəziyyətdə olur. Amma Türkiyədə nəinki mərkəzdə, kənar ərazilərdə belə işıqlandırma sistemi ilə təchiz olunub, binaların təmizliyinə məsul şəxslər var.

– İlhamə, oğlunun dünyaya gəlməsi sənin həyatında nəyi dəyişdi?

– Azad anadan olmazdan əvvəl düşünürdüm ki, o anı görəndə gözümdən yaş gələcək, sevinəcəm. Amma əməliyyatdan sonra uşağı mənə göstərəndə elə bil həyatım tamam dəyişdi. Sanki

O ANDA YAŞLANDIĞIMI, MƏNƏ AĞIRLIQ GƏLDİYİNİ, XARAKTERİMİN DƏYİŞDİYİNİ HİSS ETDİM.


Əvvəlki şıltaq xarakterim gələcək cəmiyyət üçün sağlıqlı, təhsilli, istedadlı bir insan yetişdirmək məsuliyyəti ilə əvəzləndi.

– Azad adını seçməyiniz nə ilə bağlıdır?

– Rəcəb Azad adını təklif etdi və dedi ki, ilk iki hərf Azərbaycanı xatırladır. Azad həm də müstəqil, sərbəstlik anlamını verir. İnternetdə adların insan həyatında oynadığı rol barədə axtarış apardım. Bəlli oldu ki, Azad adlı insanlar çox azad, müstəqil olurlar və gənc yaşlarından ailədən uzaqlaşırlar. Bundan narahat olsam da, Azad adi ilə razılaşdım. Çünki anam da bu adı çox sevir.

– Son olaraq, mətbuata qayıtmaq, Türkiyə mətbuatında çalışmaq fikrin varmı?

– Azərbaycan mətbuatından uzaq düşmüşəm demək olmaz, o mənadakı ən azı oxucu kimi gündəlik mətbuatı izləyirəm. Hətta Rəşad müəllim arabir zarafatla yazır ki, bala, Bakıdan nə xəbər var, bizdən daha çox sən xəbərdarsan. Bir ara “lent.az”da yazdım. Vüsalə Mahirqızı sağ olsun, təşəbbüsümü dəstəklədi. Əslində, Bakıya gəlişimin səbəblərindən biri də ANS-dən iş təklifi ilə bağlı idi. İstəyirdim neçə müddətə toplanan enerji ilə yeni ideyalarla işə başlayım. Prosesə başlamaq ərəfəsində gördüm mümkün deyil. Həmin gün mən evdən bir xeyli müddət ayrıldım və evə dönəndə gördüm ki, uşaqla bağlı çətinlik olub. Uşaqdan uzun müddətə ayrılmaq çox tezdir. Ona görə işə başlayıb sonradan peşiman olmaqdansa, indidən üzüntü ilə bu təklifdən imtina etməli oldum. 6-7 aya istəyirəm mətbuata qayıdım. Qeydlərim var, Türkiyədən Azərbaycanın necə görünməsi, Türkiyə bir xaricinin gözü ilə və s. İndiyə kimi jurnalist olaraq Türkiyəyə gedib-gəlmişəm, qısamüddətli müşahidələr olub. Onda Türkiyə tamam başqa cür görünürdü. Amma Türkiyənin məişətinə daxil olduqdan sonra bura tamam başqa cür görünür. Gələcəkdə qismət olsa yazacam.

Pərvanə SULTANOVA 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi