Modern.az

Əmlak vergisi diferensiallaşdırılmalıdır

Əmlak vergisi diferensiallaşdırılmalıdır

27 Avqust 2011, 14:05

Daşınmaz əmlak bazarında canlanma yaratmaq, mənzil fondunu ucuzlaşdırmaq və əhalinin mənzilə olan təlabətının ödənilməsi prosesini stimullaşdırmaq, dövlət və ya bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisinin xüsusi çəkisini artırmaq, habelə vergi məbləğinin müəyyənləşdirilməsindəki sosial ədalətsizliyi aradan qaldırmaq məqsədilə əmlak vergisi diferensiallaşdırılmalıdır.

Diferensiallaşdırma təkcə yaşayış sahəsini deyil, qeyri-yaşayış sahəsini də əhatə etməlidir. Nazirlər Kabineti isə mənzil fondunu nəfər/sahə vahidi, qeyri-yaşayış sahələrini isə gəlirlərin müqayisəsi metodu ilə normallaşdırmalı, əmlak vergisi isə sahənin inventar dəyərinə görə deyil, həcminə görə diferensial qaydada tətbiq olunmalıdır. Əmlakın inventar dəyəri dəyişən kəmiyyətdir – sahə isə dəyişdikdə belə kriteriyalar sabit qalır. Nəticədə istər fiziki, istərsə də hüquqi şəxslərin əmlak vergisinin təyin edilməsi zamanı şəffaflıq yaranar, müstəqil qiymətləndiricilərin dəvət olunması ilə bağlı problemlər, vergi orqanları ilə hüquqi və fiziki şəxslər arasındakı əmlak vergisinin təyin edilməsi prosesində yaranan ziddiyyətli məqamlar aradan qaldırılmış olar.
Mənzil fondunda nəfər/sahə vahidinə görə minimum yaşayış sahəsinə əmlak vergisinin aşağı dərəcəsi – normadan artıq sahəyə görə isə verginin yuxarı dərəcəsi tətbiq edilməlidir. Qeyri-yaşayış sahəsi üzrə isə gəlirlərin müqayisəsi metodu ilə müəyyən edilmiş normalara uyğun olaraq əmlak vergisinin dərəcələri sahənin həcminə görə tətbiq edilməlidir. Hamı eyni növdə, miqdarda və ya həcimdə əmlaka malik olmadığı kimi eyni məbləğdə də vergi ödəməməlidir. Yaşayış və ya qeyri-yaşayış sahəsinin inventar dəyərinə görə əmlak vergisinin tətbiq edilməsini məqbul hesab etmirəm. Çünki, əksər hallarda xüsusilə də vətəndaşlar (vergi uçotunda olmayanlar) fərdi daşınmaz əmlaklarını formalaşdırarkən smeta xərclərini leqallaşdırmırlar (inananılması mümkün olan variantda sənədləşdirmirlər). Bu da öz növbəsində subyektivizmə yol açır və təyin edilmiş əmlak vergisinin məbləğini şübhə altına alır. Sosial ədaləti bərpa etmək üçün birmənalı olaraq əmlak vergisi diferensiallaşdırılmalı, yaşayış və qeyri-yaşayış sahələri normallaşdırılmalıdır.  

Qüvvədə olan qanunvericiliyə görə hüquqi şəxslərin əmlak vergisi dövlət büdcəsinə, fiziki şəxslərin əmlak vergisi isə yerli büdcəyə ödənilməlidir. Hazırkı şəraitdə bizim bələdiyyələrimiz arabanın beşinci təkərinə bənzəyir. Əmlak vergisinin toplanması bələdiyyələr üçün çox böyük çətinliklər yaradır, bəzi hallarda isə vergi məbləğini belə təyin etmək praktiki olaraq mümkün olmur. Əmlak vergisinin tətbiqi prosesində diskriminasiya halı bununla bitmir Vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış sahələrinin əksəriyyətinin həmin sahəyə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX-də) qeydiyyata alınmamışdır. Bu da fiziki şəxslərdən əmlak vergisinin toplanmasında bələdiyyələrə çox böyük problemlər yaradır. Ümumiyyətlə bütün daşınar və daşınmaz əmlaklar (dövlət fond torpaqlarında yerləşən əmlak növləri istisna olmaqla) bələdiyyələrin ərazilərində yerləşir. Həmin daşınmaz əmlak növlərinin tikintisinə torpağı bələdiyyələr ayırır, sərəncamı yerli icra hakimiyyəti oirqanları verir, reyestrini isə dövlət qurumu olan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin DƏDRX-si həyata keçirir. Göründüyü kimi hansısa bir vətəndaş özünə mənzil tikdirmək və ona mülkiyyət hüququ əldə etmək istəsə, buraya torpağın ayrılmasına dair Dövlət Torpaq Komitəsinin və ayrı-ayrı digər dövlət qurumlarının da razılıqlarını əlavə etsək – ömrünü məcazi mənada qeyd edilən qurumlardan sənəd toplamağa sərf etməlidir. Bundan əlavə bələdiyyə ərazilərində yerləşən və yeni tikilən çöxmənzilli kooperativ binaların əksəriyyətinə də mülkiyyət hüququ verilməmişdir. Mülkiyyət hüquqlarının təsdiq edilməsinin bu qədər mürəkkəb mexanizmi vətəndaşları və mənzil tikinti kooperativlərini daşınmaz əmlakın leqallaşdırılması prosesindən kənarda qoyur. Ona görə də inkişaf etmiş ölkələrin təcrübəsi ilə müqayisədə yerli özünüidarəetmə qurumu olan bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisinin payı olduqca aşağıdır. Hesab edirəm ki, bələdiyyə ərazisində yerləşən daşınmaz əmlak növlərinin mülkiyyət hüquqlarının qeydiyyatı bir pəncərə prinsipi üzrə həmin bələdiyyələrin özündə həyata keçirilərsə prosedur daha da sadələşər, sürətli və ədalətli olar. Nəticədə dövlət büdcəsindən bu işlərin həyata keçirilməsi üçün sərf edilməli olan xeyli miqdarda vəsaitə qənaət edilər, ictimai nəzarət və şəffaflıq daha yaxşı təmin olunar. Bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artar, məhəlli problemlərin həlli asanlaşar, vətəndaşlar bir çox sosial qayğılardan azad olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal