“Yeni Müsavat” qəzetinin internet saytı - musavat.com bir həftəyə yaxındır yeni iş mexanizminə keçib. Artıq qəzetin manşet yazıları, bir sıra özəl xəbərlər, tirajlı müsahibələr, habelə köşə yazarlarının yazıları ilk dəfə sayta yerləşdirilərkən yarımçıq təqdim olunur. Saytın oxucuları həmin yazılarla tam formada yalnız axşam saatlarında tanış ola bilirlər. Bəs bu addımın səbəbi nədir?
Modern.az xəbər verir ki, Qəzetin baş redaktoru Rauf Arifoğlu “Yeni Müsavat”a bildirdiyinə görə, bu addımı atmağın konkret səbəbi var:
“Qəzetin elektron versiyası tirajımızı hər gün daha artıq “yeməkdədir”. Hətta bir çox sadiq oxucularımız da səhər açılan kimi bilgisayarını açır, bütün yazıları internet üzərindən rahat oxuyur, sonra da “Yeni Müsavat”ı almağa ehtiyac duymadan gündəlik həyatını davam etdirir. Hansı ki, az əvvələ qədər onun gündəlik həyatına hər gün köşkdən “Yeni Müsavat” almaq da daxil idi...”.
Baş redaktor deyir ki, qəzet rəhbərliyi bir ara hətta saytı tamamilə bağlamağı da müzakirə edib: “Təxminən gündəlik 7-8 min nüsxə tirajımızı qaytara bilərik belə olsa. Bu da ayda indikindən 200 min çox nüsxə satmaq imkanı deməkdir. Nəticədə bizim üçün, elə hər kəs üçün də ciddi məbləğ toplaya bilərik. Biz saytdan demək olar ki, heç nə qazanmırıq. Qəzetin məsrəfləri isə ayda 50 min manat civarındadır. Getdikcə daha çox oxucumuzun qəzeti saytdan oxuduğunu görüb, hər halda müəyyən addımlar atmaq qərarına gəldik”.
Baş redaktor deyir ki, dünyanın hər yerində, elə Azərbaycanda da informasıya xidməti pulludur. Lakin musavat.com daxildəki və xaricdəki oxucusuna tamamilə pulsuz, həm də yüksək səviyyədə xidmət göstərir:
“Qərar belə oldu ki, bu xidmət davam etdirilsin. Cari və operativ xəbərlər, yazıların əksəriyyəti yenə də sayta yerləşdirilir. Sadəcə hər gün 6-7 özəl xəbər, köşə yazılarına məhdudiyyət qoyulur. Kim bu cür yazıları, özəl xəbərləri, sevdikləri köşə yazarlarının məqalələrini tez oxumaq istəyirsə, qəzet almağa təşviq edilir”.
Rauf Arifoğlu “saytı tamamilə bağlamaqdansa, onun da imkanlarından sabahkı yazıları, xəbərləri reklam üçün istifadə etmək daha uyğun göründü. Lakin gələcəkdə başqa addımlar da atıla bilər ” deyib.
Baş redaktor onu da vurğulayıb ki, gələcək yeni medianın - portallarındır: “Bunun fərqində olduğumuz üçün, məhz gələcəyi düşünərək saytımızı gücləndirmişik. İnşallah, Azərbaycanda ən yüksək ziyarətçisi olan saytımıza reklam axınını da təşkil etməyə nail olacağıq. O zaman bu cür məsələlər də aktual olmayacaq ”.
Rauf Arifoğlu deyib ki, saytda bəzi yazılara məhdudiyyət tətbiq edəndən, onların sadəcə anunsu veriləndən sonra qəzetin satış göstəriciləri əhəmiyyətli şəkildə irəliləyib: “Təkcə “Qasid” firması sifarişini hər gün əlavə 300 nüsxə artırıb...”.
Modern.az