Tbilisidə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair beynəlxalq konfrans öz işinə başlayıb.
Modern.az saytının məlumatına görə, konfransın işində Azərbaycan nümayəndə heyətinin üzvləri, Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov iştirak edib.
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Parlamentlərarası İttifaqın baş katini Martin Chungongla görüşüb.
Görüş çərçivəsində Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində parlamentlə əməkdaşlıq, o cümlədən cari ilin oktyabr ayında keçiriləcək Bakı Forumu haqqında fikir mübadiləsi aparılıb.
Martin Chungong ötən il Bakıya səfərini, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, baş nazirin müavini Əli Əhmədovla görüşünü xatırladıb.
Bu səfərdən sonra Azərbaycanda Dayanıqlı İnkişafla bağlı görülən işlərdən razılıqla danışıb.
O, konfransda çıxışı zamanı Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində hökumət və parlament əməkdaşlığının ən yaxşı təcrübəsi kimi Azərbaycanı üzv dövlətlərə nümunə göstərib.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirələrdə çıxış edərək Dayanıqlı İnkişaf Məqsədləri sahəsində Azərbaycanda görülən işlərdən danışıblar.
Konfrans işçi sessiyalarla işini davam etdirir.