Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Normativ hüquqi aktlar haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.
Modern.az-ın məlumatına görə, komitə sədri Əli Hüseynli bildirib ki, bir müddət əvvəl vitse-spiker Valeh Ələsgərovun rəhbərlik etdiyi İşçi Qrupu tərəfindən yaradılan və parlament tərəfindən qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən 10-larla qanuna dəyişiklik etmək zərurəti yaranıb.
Komitə sədri bildirib ki, yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif edilir.
Təklif edilən 5.4-cü maddədə bildirilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” qanun ilə müəyyən edilmiş hallarda bu Konstitusiya qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”.
Deputat bildirib ki, bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə 6 ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.