Modern.az

“Elə məsələlər var ki, sahibkarlığın inkişafına mane olur”

“Elə məsələlər var ki, sahibkarlığın inkişafına mane olur”

31 May 2018, 12:25

Milli Məclisin bu gün keçirilən plenar iclasında“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Modern.az-ın məlumatına görə, qanun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Komitə sədri bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir.

“2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib”.

Z.Səmədzadə qeyd edib ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb.

“Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir”.

Z.Səmədzadə bildirib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1 faiz və ya 17 milyard 595 milyon manat səviyyəsində icra olunub. Xərclərin 62 faizi cari xərclərdir:

“Cari xərclər ölkədəki inkişaf səviyyəsinə görə dəyişir. Bəzən elə şərait yaranır ki, sosial layihələr daha çox həyata keçirilir ki bu da cari xərclərin artırılmasına səbəb olur. Dövlət başçısının tapşırığı ilə Azərbaycanda neftin qiymətinin ən aşağı həddində belə sosial layihələrin həyata keçirilməsi dayanmadı və bu sahədə bütün məsələlər vaxtlı -vaxtında həyata keçirildi”.

Komitə sədri bildirib ki, təhsil xərclərinin strukturuna baxılmalıdır.

“Nəhayət peşə texniki təhsili yaradıldı. Düşünürəm ki, bunun üçün büdcədən daha çox maliyyə ayrılmaldıır. Çünki bu, gələcəkdə məşğulluğun artmasına gətirib çıxaracaq”.

Dövlət büdcəsindən maliyyələşən təsərrüfatların olduğunu deyən Z. Səmədzadə qeyd edib ki, elə məsələlər var ki, onlar sahibkarlığın inkişafına mane olur.

“Bunlar aradan qaldırılmalıdır. Özəl sektor sosial məsuliyyəti artırılmalı, banklarla bağlı problemlər həll olunmalıdır. Belə olan halda, dövlətin üzərinə düşən yük yüngülləşsin”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər