“Azərbaycanda tikinti sektorununda çalışanlar 8 saatdan çox işlədilirlər. Onların 70-80 faizinə şənbə və bazar günləri də işlər gördürülür. Mən bunu öz gözümlə görümüşəm. Məsələn, Cümhuriyyətimizin 100 illik yubileyi zamanı gördüm ki, bir neçə tikinti sektorunda insanlar işlədilir ”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycanda tikinti sektorunda çalışan şəxslər istismar olunur.
“Onlara qara mühasibatlıq tərtib olunur. İnsanların həyatı gedir. Bu çox çətin və ağır məsələdir. Bunu yoluna qoymaq lazımdır. Onların maaş məsələsinə baxılmalıdır. Kifayət qədər maaş verilməlidir ki, onlar əlavə iş saatına qalıb işləməsinlər”.
Tahir Kərimli deyib ki, hamı təsdiq edir ki, ölkədə problemli kreditlərlə bağlı kifayət qədər məsələ var.
“Hökumət bu məsələyə niyə 2017-ci ildə əncam çəkmədi? Həmçinin, 2018-ci ildə də bu problem gündəmə gətirilmir. Niyə? Bizdə işləyən şəxslər arasında ciddi maaş fərqi var. Həmişə insanlar nəyə ümid edirlərsə, ona da inanırlar. Onların da ümid yeri bizik. Biz onların ümidlərini artırmalıyıq”.