Modern.az

Deputatların payız sessiyasında qaldıracaqları məsələlər (III YAZI)

Deputatların payız sessiyasında qaldıracaqları məsələlər (III YAZI)

1 Sentyabr 2011, 12:33

Milli Məclisin deputatlarının yay tətili sona yaxınlaşır. Sentyabrın 15-dən qurumun payız sessiyası öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-dan isə plenar iclaslar keçiriləcək. Maraqlıdır, iyul ayının 15-dən tətildə olan deputatlar məzuniyyət muddəti ərzində hansı sahə üzrə qanunvericilikdə boşluqlar görüblər, onlar seçiciləri ilə görüşlər əsasında hansı məsələləri payız sessiyasında qaldırmağı planlaşdırırlar?

Modern.az saytı bununla bağlı millət vəkillərindən ardıcıl olaraq münasibətlər təqdim edir.

Milli Məclisin deputatı Fərəc Quliyev bildirib ki, payız sessiyasında daha çox plenar iclasa hazırlaşır: “Avropa Şurası Parlament Assambleyasından müraciətlər olub, tövsiyyə xarakterli qətnamələr üzərində işləyirik. Həmcinin payız sessiyası üçün Qarabağ probleminə dair bir çox məsələlər barədə partiyamızın təklifləri var. Həm Qarabağ məsələsi ilə bağlı, həm müdafiə sahəsi ilə bağlı, həm də icra proqramlarla bağlı. Yəqin ki, bu məsələlərə toxunacam”.

Deputat Aydın Abbasov daha çox ekoloji məsələlərlə bağlı təkliflər verəcək: “Bu məsələ hər kəsin şəxsi məsələsinə çevrilməlidir. Ona görə də bu sahəylə bağlı ciddi işlərə ehtiyac duyulur”.

Milli Məclisin deputatı, professor Musa Qasımlı isə hesab edir ki, universitetlərimizin möhkəmləndirməsinə xüsusi diqqət ayırmalıyıq: “Azərbaycanın ali məktəblərini digər ölkələr üçün mütəxəssis hazırlayan mərkəzlərə çevirməliyik. Məni narahat edən məsələlərdən biri paytaxt şəhərimizdə kitab dükanlarının və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət disklərin satıldığı mağazaların sayının az olmasıdır. Bildiyiniz kimi, gələn il ölkəmizdə “Avroviziya” müsabiqəsi  keçiriləcək. Hesab edirəm ki, “Avroviziya” tarixində ən yaxşı yarışma məhz bizim ölkəmizdə keçiriləcək. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin YUNESCO və İSESCO-dakı xöşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə böyük işlər görülür. Ona görə də bu yarışmanın ən möhtəşəminin məhz Azərbaycanda keçiriləcəyinə əminəm. Ancaq hesab edirəm ki, xaricdən gələnlər bizdə daha çox kitab dükanlarına və müsiqi disklərinin, filmlərimizin satıldığı mağazalara baş çəkəcək. Belə dükanlar isə bizdə çox azdır. Fikrimcə, bunu həll etmək lazımdır”.

Deputat qarşıdan gələn payız sessiyasında mühüm əhəmiyyət kəsb edən məsələlər - ölkəmizdə davamlı siyasi-iqtisadi, ictimai  sabitlik barədə də fikirlər səsləndirəcək: “Hesab edirəm ki, bizdə bu istiqamətdə maarifçilik işləri yetərli deyil, ona da diqqət artırmaq lazımdır.
Azərbaycanda xalqla dövlətin birliyinin daha da möhkəmləndirilməsi istiqamətində maarifçilik işlərinin aparılmasında fayda görürəm. Çünki bu gün Azərbaycanı zəiflətmək, daxildən bizi müxtəlif dini təriqətlərə bölmək istəyən qüvvələrin fəaliyyəti göz önündədir. Hesab edirəm ki, dini birliyimizin qorunması qarşıda duran ən mühüm məsələlərdən biridir. Payız sessisyasının ilk iclasları Azərbaycanın dövlət  müstəqilliyinin bərpa edilməsinin 20 illiyi ilə bağlı  tədbirlərlə  eyni vaxta düşəcək. Ona görə də hesab edirəm ki, 20 ildə ölkəmizin həm daxili, həm də xarici siyasətindəki inkişaf dinamikasının xalqa çatdırılmasında böyük fayda var. Biz harada idik, haralara gəldik. Dövləti daha da inkişaf etdirməkdən, ölkəni daha da gücləndirməkdən ötrü hansı işləri görmək lazımdır. Mən hesab edirəm ki, bizim hər birimiz ölkəmizin zənginlər, varlılar ölkəsinə çevrilməsinə çalışmalıyıq. Kasıbların sayı azaldılmalıdır, bərabər imkanlar yaradılmalıdır. Azərbaycan harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilməlidir”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı