“Bakı xəbər” qəzetinin yas mərasimləri mövzusunda elan etdiyi yazı müsabiqəsi artıq yekunlaşıb. Musabiqəyə ümumilikdə 61 yazı təqdim olunub. Bu barədə Modern.az saytına qəzetin baş redaktoru Aydın Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq müsabiqəyə təqdim olunan yazılar qəzetin öz münsiflərinin ilkin ekspertizasından keçib.
“Amma bu həlledici deyil. Qaliblərin müəyyən olunması üçün yazılar kənar ekspertlərə təqdim olunub”deyən A.Quliyev bildirdi ki, sentyabrın 10-kimi ekspertlər təqdim olunan yazılara qiymət verəcəklər.
Müsabiqənin qalibləri isə sentyabrın 10-15- arası müəyyən olunacaq. “Güman edirəm ki, qalibləri 15-nə kimi elan edə biləcəyik”.
A.Quliyevin sözlərinə görə, müsabiqəyə təqdim olunan 61 yazıdan 31-i respublikanın müxtəlif gündəlik, həmcinin həftəlik qəzetlərində, eləcə də jurnallarda dərc olunub.
Müsabiqəyə təqdim olunan yazılardan 40-nın peşəkar jurnalistlər tərəfindən yazıldığını, 21-nin isə ictimayyət nümayəndələri tərəfindən təqdim olunduğunu deyən A.Quliyev deyib ki, bu, müsabiqənin şərtlərinə uyğundur.
Müsabiqənin qaliblərinin mükafatlarına gəlincə, birinci yerə 1000 manat, ikinci yerə 500 manat, üçüncü yerə isə 300 manat məbləğində mükafat müəyyənləşib. Qaliblər üçün 1 birinci yer, 2 ikinçi yer, 3 üçünçü yer nəzərdə tutulub.
Bundan əlavə A.Quliyev bildirdi ki, həvəsləndirici mükavatlar da ola bilər.
“Ola bilsin həvəsləndirici mükafatlar da olsun, amma bu hələ ki, dəqiq deyil”.
“Bakı xəbər” qəzetinin “İslamda yas mərasimləri və əyintilər” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsini bu ilin fevralında elan edib. Müsabiqənin şərtlərinə görə, yazıların son təqdim olunma müddəti mayın 20-si göstərilmişdi. Lakin müsabiqənin başa çatmasına 1 gün qalmış baş redaktoru Aydın Quliyev müsabiqənin daha 3 ay uzadıldığını elan etdi.
O zaman müsabiqənin bu qədər uzun müddətə uzadılması həmin müsabiqəyə yazı təqdim etmiş jurnalistlərin narazılığına səbəb oldu. Bəzi jurnalistlər bu müsabiqəyə təqdim etdiyi yazıları geri çəkdilər.
Qalmaqallı müsabiqə deyəsən bu dəfə sona çatır…
Sədaqət Süleymanova