Bu gün Modern.az xəbər portalının faəliyyətə başlamasının 2 ili tamam olur. Ad gününü sakitcə yola verən Modern.az ötən iki il müddətində qarşıya qoyduğu hədəflərə çata bilibmi?
Saytın baş redaktoru Elşad Eyvazlı bildirib ki, əgər hədəfə çatsaydılar, fəaliyyətlərini dayandırmış olmalıydılar:
“Bununla belə, hesab edirəm ki, nəzərdə tutduğumuz müəyyən məsələlərə nail ola bildik. İlk növbədə jurnalist etikası deyilən anlamı gözlədik. Hansısa mətbu orqanın, jurnalistin yazısını istinadsız vermədik. Milli maraqlarımızla uyğunlaşmayan məsələlərə qarşı olduq. Mümkün qədər müstəqil olmağa çalışdıq. İftira, yalandan tam uzaq olduq. Reytinq xatirinə ucuzluğa getmədik. Uzun danışmaq olar. Amma bizim fəaliyyətə kənardan baxanlar daha yaxşı qiymət verə bilərlər. Özümüzün özümüzdən danışmağımız doğru deyil”.
Baş redaktor onu da bildirib ki, yaxın zamanlarda Modern.az Azərbaycan mətbuatı üçün yeni layihələr təqdim edəcək: “Biz hər zaman yeniliyə üstünlük veririk, çalışırıq başqa KİV-lərin materiallarından mümkün qədər az istifadə edək, özəl məlumatların təqdimatına səy göstəririk. Fəaliyyətə başladığımız vaxtdan bu günə qədər parlamentin fəaliyyətinin cəmiyyətə çatdırılması, ölkə mediası ilə bağlı məsələlər prioritetimiz olub. Bundan sonra da həmin məsələlərdə aparıcılığı əldə saxlamağa çalışacağıq”.
P.S. Modern.az-ın 2 yaşını sakitcə, heç bir yazıya-filana ehtiyac olmadan yola verməyi qərarlaşdırmışdıq. Amma bu gün saytımızın ünvanına o qədər təbrik məktubu daxil oldu ki...
Diqqət göstərən hər bir oxucumuza təşəkkür edirik!