Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı Milli Məclisin böyük amnistiya aktı qəbul edəcəyi gözlənilir.
Bu barədə Modern.az saytına parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən məlumat verilib. Komitədən bildirilib ki, məhkumların kütləvi azadlığa buraxılmasını nəzərdə tutan amnistiya aktı ilə bağlı məsələ Milli Məclisin payız sessiyasının elə ilk iclaslarında müzakirəyə çıxarılacaq.
Milli Məclisn payız sessiyası sentyabrın 15-də öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-dan isə plenar iclaslar keçiriləcək.
Dövlət quruculuğu və hüquq siyasəti komitəsindən saytımıza onu da bildiriblər ki, komitə artıq Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı böyük amnistiya aktının layihəsini hazırlamağa başlayıb, sənəd üzərində iş gedir.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da bir neçə ay öncə amnistiya aktının qəbulu ilə bağlı təkliflə çıxış etmişdi.
“Amnistiya haqqında” qanun layihəsini ancaq qanunvericilik təşəbbüsü hüququ olan şəxslər təqdim edə bilər. Bunu isə ölkə Prezidenti, parlament və yaxud da digər bu səlahiyətdə olan subyektlər təqdim edə bilər.
Azərbaycanda sonuncu amnistiya aktını 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva təqdim etmişdi. Milli Məclis 2009-cu il martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib. Həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb.
1995-ci ildən indiyə qədər 9 amnistiya aktı qəbul olunub və bu, 90 minə yaxın məhkuma şamil olunub.
İndiyədək Azərbaycanda 48 əfv fərmanı və sərəncamı verilib.
Modern.az