Modern.az

Məlahət İbrahimqızı: “BMT öz qərarı ilə İsrailin cinayətini üzərinə götürdü"

Məlahət İbrahimqızı: “BMT öz qərarı ilə İsrailin cinayətini üzərinə götürdü"

2 Sentyabr 2011, 21:56

İsrailin Qəzzaya yardım daşıyan “Mavi Mərmərə” gəmisinə hücumu ilə bağlı BMT çərçivəsində aparılan araşdırma başa çatıb. Araşdırmanın nəticələri hələ rəsmən açıqlanmasa da, ABŞ mətbuatında dərc edilib. Nəticədə Türkiyə-İsrail münasibətlərində növbəti gərginlik yaranıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün araşdırmanın nəticələri ilə bağlı sərt açıqlama verib və Türkiyə hökumətinin qəbul etdiyi yeni qərarları elan edib. Ə.Davudoğlu Türkiyə ilə İsrail arasında hərbi sahədəki bütün anlaşmaların icrasının təxirə salındığını və İsraillə diplomatik əlaqələrin səviyyəsini 2-ci dərəcəyə endirdiklərini bildirib.
Azərbaycan Milli Məclisinin deputatı Məlahət İbrahimqızı Modern.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib:

- Bir ildən çox müddətdir ki, beynəlxalq ictimaiyyət İsrailin 2010-cu ilin mayında “Mavi Mərmərə” gəmisinə hücumu və bunun nəticəsində 9 türkün ölümü ilə bağlı BMT-nin hansı qərar verəcəyini səbirsizliklə gözləyirdi.
Açığı 20 faizi torpaqları işğal olunmuş bir ölkənin vətəndaşı kimi BMT-nin indiyədək ikili standartlardan kənara çıxa bilməmısinin, bir qrup supergücün instrumenti və ya ədalətsiz güclərin sözçüsü olduğunu bilirdim. 

Çünki 20 ilə yaxındır ki, ölkəmizə qarşı erməni işğalı ilə bağlı qəbul etdiyi dörd qətnamənin icrasına göz yuman və qəbul etdiyi qərarına hörmətsiz yanaşan bir təşhkilatdan nə gözləmək olar. Amma yenə də özümü inandırmaq istəyirdim ki, BMT dünya ictimaiyyətinin tənəsindən çəkinər. Amma BMT növbəti qərarı ilə bir daha ikiüzlülüyünü sübut etdi və bununla da İsrailin  törətdiyi cinayəti öz üzərinə götürdü.
”Mavi Mərmərə” gəmisinə hücum və 9 türkün ölümü ilə bağlı bu cinayəti BMT öz gülünc qərarı ilə ört-basdır etmək istədi. 

Əslində bu ədalətsiz qərara görə BMT-nin özü Beynəlxalq Məhkəməyə verilməlidir desək, daha düzgün məntiq irəli sürmüş olarıq. Hesab edirəm ki, BMT-nin bir növ adət etdiyi cinayətkarlığı, basqını, piratçılığı və  işğalçılığı pərdələmək siyasətinə qarşı dünya ictimaiyyəti öz sözünü deyəcəkdir. Ən gülünücu də odur ki, BMT-nin baş katibi Pan Gi Mun Türkiyə xarici işlər naziri hörmətli Əhməd Davudoğluna deyib ki, bu qərar onun məlumatı olmadan mətbuata sızdırılıb.

Bu mənada Türkiyə hökumətinin müvafiq prinsipial qərarını çox düzgün hesab edirəm. 

Əminəm ki, İsrailin  beynəlxalq humanitar hüquqa zidd olaraq “Mavi Mərmərə” gəmisinə hücumu və 9 türkün ölümü ilə nəticələnən cinayətə lazımi qiymət veriləcəkdir.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı