Bu gün Nizami rayonunda yerləşən Xalid Quliyev adına 62 saylı məktəb-liseydə British Counsil-un dəstəyi ilə təşkil olunan danışıq klublarında iştirak edən şagirdlər ingilis dillində maraqlı kompozisiyalar hazırlayıblar.
Məsələ ilə bağlı Modern.az-a danışan məktəbin direktoru Mətanət Cabbarlı deyib ki, “British Counsil”un və Təhsil Nazirliyinin dəstəyi ilə Bakının 5 məktəbində ingilis dili resurs mərkəzi açılıb.
““British Counsil”un müəllimləri burada uşaqlar üçün danışıq klubları açdı. Burada məqsəd uşaqlara qrammatika ilə ingilis dilini öyrətmək deyil. Uşaqlar ingilis dilini əyləncəli şəkildə, yorulmadan danışırlar. Müəllimlərimiz bu klubların xüsusi mexanizmlərini təlimlərdən keçərək öyrəndilər və bunu tətbiq etməyə başladılar. Uşaqlar oyunlarla, tədbirlərlə hər ay hesabat tədbirləri verir, dili mənimsəyirlər. Qruplarda 6-10 şagird olur. Bizim məktəbdə hazırda 140 nəfər şagird bu klublarda iştirak edir. Hətta başqa məktəblərdən də bu klublar üçün gələnlər var. Ümumilikdə Bakıda 5 belə mərkəz var. Ötən gün 189-190 nömrəli məktəblərdə ingilis dili mərkəzlərinin şagirdləri arasında idman oyunları keçirildi. Bizim məktəbin şagirdləri həmin yarışda 3-cü yeri tutdular. Bu gün də bizim məktəbin 140 şagirdi təqdimat verəcək. Biz istərdik ki, yay tətilində də 10 günlük yay məktəbi kimi fəaliyyət göstərək”.
“British Counsil”un İngilis dili layihələri üzrə koordinaoru Könül Əhmədova deyib ki, bu layihə Britaniya hökuməti tərəfindən irəli sürülüb.
“Əslində ilk pilot layihəmiz 2016-cı ildə 3 mərkəzlə başlayıb. Uğurlu təcrübə əsasında 2017-ci də daha 8 mərkəz açmışıq. Mərkəzlərin 5-i Bakı, 1-i Sumqayıt, 1-i Gəncə və 1-i Lənkəran şəhərlərindədir. Mərkəzlərin açılmasında məqsəd həm müəllimlərin, həm də şagirdlərin inkişafına töhfə verməkdir. Mərkəzlərin hər birinin yaxınlığında yerləşən 4 və ya 5 məktəbin şagirdləri də bu mərkəzlərdən yararlana bilər. 62 saylı məktəb-lisey ən uğurlu mərkəzlərdən biridir, 140-dan artıq şagird ingilis dili danışıq klubundan yararlanır. Bu məktəbin müəllimələri də Edinburqda təlimlərdən keçib. Həmin müəllimlər öz müəllim yoldaşları ilə təcrübəni paylaşıblar. Öz dərslərində də öyrəndikləri metodlardan istifadə edirlər”.
Təbdirin sonunda fərqlənən şagirdlərə “British Counsil” tərəfindən sertifikatkar verilib.