Modern.az

Daşnakların Türkiyə əleyhinə qiyamlarda kürdlərdən istifadə etməsi

Daşnakların Türkiyə əleyhinə qiyamlarda kürdlərdən istifadə etməsi

Parlament

5 Sentyabr 2011, 23:30

millət vəkili,  professor


(XX  əsrin  20-30-cu illəri)

Son zamanlarda Türkiyəyə qarşı PKK terroru xeyli şiddətlənib. Öz növbəsində  Türkiyə  PKK-ya ağır zərbələr vurur. Artıq neçə illərdir ki, öldürülən terrorçular arasında sünnət olunmayan şəxslərə rast gəlindiyinə dair müəyyən məlumatlar yayılır. Bunların erməni olduğu deyilir. Buna baxmayaraq, Türkiyədə müəyyən şəxslər Ermənistan ilə sərhədlərin açılmasına tərəfdardırlar. On minlərlə türkü qətlə yetirən PKK-nın daxilində ermənilər vardır? Ən mötəbər arxiv sənədləri göstərir ki, ermənilərin Türkiyəni zəiflətmək üçün istifadə etdiyi  vasitələrdən biri də kürd qiyamlarını qızışdırmaq olub. Elə isə tarix nə deyir?

                                                               ***

20-30-cu illərdə  ermənilər Türkiyə dövlətini zəiflətmək və Anadolunda öz istəklərinə nail olmaq üçün müxtəlıif  vasitələrdən istifadə edirdilər. Bunlardan biri kürdlərin qiyamlarını qızışdırmaq idi. 1925-ci ildə Diyarbəkirdə Şeyx Səid başda olmaqla bir qrup adam  Türkiyədə qurulan Cümhuriyyət quruluşuna qarşı çıxış edərək xəlifəliyi bərpa etmək üçün qiyama başladı. Ancaq tarixi sənədlər göstərir ki, bu qiyamın bir sıra pərdəarxası tərəfləri vardır. Belə ki, Türkiyəni zəiflətmək üçün  Daşnaksütyün Partiyası bu qiyamı qızışdırmış və kürdləri zəiflədərək həmin ərazilərə sahib olmaq üçün fəaliyyətlər göstərmişdir. Belə ki,  SSRİ  xarici kəşfiyyatının məlumatlarına görə, Şeyx Səidin üsyanında  daşnak agenti Gevork Xalacyan fəal iştirak etmişdi. O, qiyamın genişlənməsi  üçün bütün səylərini göstərmişdi. Lakin qiyam yatırıldı. Şeyx Səid 46 yoldaşı ilə birlikdə həbs olundu və məhkəmənin hökmü ilə edam edildi.

Sovet xarici kəşfiyyatının ələ keçirdiyi bir məktub Daşnaksütyun Partiyasının Qafqaz Döyüş Mərkəzinin rəhbərlərindən biri erməni əsilli polkovnik Cavaxov tərəfindən 1928-ci ildə partiyanın rəhbərliyinə yazılmışdı. Burada o, ermənilərin kürdlərin qiyamlarına yardım etməsini təsdiqləyir və  qeyd edirdi ki,  ermənilərlə türklər arasında tarixi qan düşmənçiliyi  vardır, onu heç nə ilə söndürə bilməzsən. Ermənilər Türkiyə əleyhinə olan hər hansı bir hərəkata yardım edəcəklər. Təki bu hərəkat Türkiyəyə qarşı yönəlsin.

Daşnakların istifadə etdiyi digər bir vasitə kürd qiyamçılarının daxilinə müsəlman ad və soyadları ilə yerləşərək fəaliyyət göstərmək idi. Onlar müsəlman ad və soyadları ilə kürdlərin içərisinə daxil olaraq ölkədə qarışıqlıq yaradır və dövləti zəiflətməyə şalışırdılar. Sovet xarici kəşfiyyatının 1929-cu il 2 avqust tarixli 5N:-li agentura məlumatına əsasən Ararat (Ağrı)  kürdlərinin görkəmli xadimi olan Zelam bəy SSRİ ilə Türkiyə sərhədinin 15-ci sərhəd sahəsinin komendantı Mamonova məktub göndərərək görüşmək istəmiş və fayda verə biləcəyini demişdi. Sovet kəşfiyyatının məlumatına görə Zelam bəyin əsl adı Artaşes Muradyan idi. Bu məlumatdan aydın olur ki,  o, Cəlali və Xaluqanlı kürd tayfaları arasında xeyli məşhur idi. Sovet sərhəd məntəqəsi komendantı onunla görüşə razılıq vermişdi. Sovet sərhəd komendantı ilə görüşə gələrkən Zelam bəy və yanındakı iki nəfər kürd həbs edilərək tərksilah edilmiş, Ermənistan SSR Dövlət Siyasi İdarəsinə göndərilmişdilər.

Qeyd etmək lazımdır ki, ermənilərin belə hərəkətləri yeni bir şey deyildi. Onlar əvvəllər də belə üsullardan istifadə etmişdilər. Hələ 1913-cü ilin sentyabrın sonlarından oktyabırn 15-dək Cenevrədə  keçirilən Daşnaksütyun Partiyasının qurultayında qəbul edilən qətnamədə yazılırdı: ...3. Partiya üzvlərini Osmanlı imperiyasında polis və məhkəmə idarələrində  xidmətə keçirmək. 16. Panislamçı emissarlar adı altında Qafqaza öz adamlarını göndərmək, guya təbliğat yolu müsəlman əhalisini Rusiyaya qarşı qıcıqlandırmaq və üsyana qaldırmaq. Bunun nəticəsində rus hökuməti tərəfindən repressiyalar ediləcəkdir, yekunda müsəlman kütlələri zəifləyəcəkdir, beləliklə, Daşnaksütyun gələcəkdə Qafqazda öz işində müsəlmanların müqavimətinə rast gəlməyəcəkdir; bundan başqa Qafqaz müsəlmanlarının Anadolu türklərinin ermənilərə qarşı fəaliyyətdə birləşməsi təhlükəsi sovuşacaqdır.

30-cu illərdə də əsas  diqqəti Türkiyə ermənilərinin azad edilməsinə yönəldən  Daşnaksütyun Partiyası hətta  kürd üsyançılarına   müraciət də etmişdi. Bu müraciəti sovet xarici kəşfiyyatı ələ keçirmişdi. Sovet xarici kəşfiyyatının 1937-ci il 8 noyabr tarixli 4309/İst.084 N:-li məlumatında  bu barədə müfəssəl informasiya verilirdi. Burada Darsun və Sasunda baş verən kürd qiyamları barədə məlumat verilir və  yazılırdı ki, biz ölkə daxilində baş verən prosesləri diqqətlə izləyirik və daxildə fəaliyyət göstərən qüvvələrə bütün vasitələrlə yardım edirik. Daşnaksütyun Partiyasının nümayəndələri hətta Dersimdə Səid Rza ilə görüşüb dost olduqlarını bildirmişdilər. Daşnaksütyun Partiyasının müraciətində deyilirdi: “Bizim rəhbərliyimiz altında və bizim məsləhətlərimizə uyğun olaraq kürd kəndləri, yəni, kürd tayfaları türklərə qarşı mübarizə üçün vahid rəhbərlik altında birləşdilər” . Sovet kəşfiyyat məlumatlarından aydın olur ki, daşnaklar kürd qiyamçılarını pul vəsaiti və ərzaqla da təmin edirdilər. Sovet xarici kəyfiyyat məlumatlarına əsasən hətta kürd-erməni komitəsi də fəaliyyət göstərirdi. Onların məqsədi Türkiyə, İran və İraq torpaqlarında Kürdüstan və Böyük Ermənistan yaratmaq idi

                                                  ***
Arxiv sənədləri kürd qiyamlarında erməni daşnaklarının iştirak etdiyini göstərir. Fikrimizcə, hələ ötən əsrin 20-30-cu illərində mövcud olmuş bu əlaqələrin bu gün də davam etməsi şübhə doğurmamalıdır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı