Modern.az

Deputatların payız sessiyasında qaldıracaqları məsələlər… (IV YAZI)

Deputatların payız sessiyasında qaldıracaqları məsələlər… (IV YAZI)

6 Sentyabr 2011, 12:10

Milli Məclisin deputatlarının yay tətili sona yaxınlaşır. Sentyabrın 15-dən qurumun payız sessiyası öz işinə başlayacaq. Həmin tarixdən komitələr fəaliyyətini bərpa edəcək, 30-dan isə plenar iclaslar keçiriləcək.
Maraqlıdır, iyul ayının 15-dən tətildə olan deputatlar məzuniyyət muddəti ərzində hansı sahə üzrə qanunvericilikdə boşluqlar görüblər, onlar seçiciləri ilə görüşlər əsasında hansı məsələləri payız sessiyasında qaldırmağı planlaşdırırlar?

Modern.az saytı bununla bağlı millət vəkillərindən ardıcıl olaraq münasibətlər təqdim edir.

Deputat Fəzail İbrahimli bildirib ki, Milli Məclisin payız sessiyasının gündəliyi hələ ki məlum deyil: “Tanış olandan sonra müəyyən məsələlərlə bağlı  fikir irəli sürəcəm”.

Millət vəkili qeyd edib ki, müəllimlərin, həkimlərin, ümumiyyətlə, büdcədən maliyyə təşkilatlarında fəaliyyət göstərən insanların məvaciblərinin qaldırlması ilə bağlı məsələ barədə təkiliflər irəli sürmək fikrindədir:
“Hesab edirəm ki, Mili Məclis də bu məsələni prioritet götürüb”.

Deputat Əhməd Vəliyev təhsil işcisi olduğuna görə onun üçün bir nömrəli məsələnin təhsillə bağlı olduğunu söyləyib: “Hesab edirəm ki, biz təhsillə bağlı nəzərdə tutduğumuz bütün qanunvericiliyi həyata keçirməliyik. “Təhsil haqqında” Qanun qəbul olunub. “Ali təhsil haqqında”, “Orta təhsil haqqında”, “Elm haqqında” qanun layihələrinin payız sesiyasında müzakirə olunub təsdiqlənməsinin tərəfdarıyam. Bu gün bizim bir nömrəli problemimiz təhsillə bağlıdır”-deyən deputat əlavə edib ki,  təhsildə bir gün gecikmək cəmiyətin 5-10 il itirməsi deməkdir.
“Ona görə bu məsələlərin mütləq payız sessiyasında müzakirəyə çıxarılıb, qəbul olunmasına nail olmalıyıq”.

Deputat Asim Mollazadə də təhsillə bağlı layihələrin  Milli Məclisin payız sesiyasında qəbul olunmasının tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, bu çox ciddi məsələdir, ali təhsil, orta təhsil, elm və peşə təhsili haqqında modern sistem qurulmalıdır:

“Biz “Təhsil haqqında” qanunu 17 ildən sonra nəhayət ki, qəbul etdik, ancaq bununla iş bitmir. Hesab edirəm ki, digər qanunları da qəbul etməliyik. Çünki bu gün hər bir ölkənin inkişafı orada olan intellektual, elmli menecerlərdən asılıdır. Bu baxımdan da bizə xüsusi olaraq menecerləri hazırlayan təhsil müəsisələri gərəkdir. Hesab edirəm ki, təhsilimizi Boloniya prosesinə gerçəkdən uyğunlaşdırmalıyıq. Çox təəsüf ki, bəzi köhnə təfəkkürlü insanlar bu məsələyə ciddi müqavimət göstərirlər. Bu da ciddi problemə çevrilir. Şəxsən bu məsələnin həllinin tərəfdarıyam”.

A.Mollazadə eyni zamanda  büdcənin qəbulu zamanı mədəniyyətə xüsusi diqqət yetirilməsinin də vacib olduğunu söyləyib: “Əhalinin sosial cəhətdən zəif təmin olunmuş təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması ilə də bağlı müəyyən məsələlər həllini tapmalıdır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycanın iqtisadi inkişafını öz həyatında hiss etməlidir. Səhiyyə ilə də bağlı qanunların qəbulunun tərəfdarıyam. Xüsusilə də tibbi siğorta həllini tapmalıdır”.

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı