Modern.az

Hakimiyyət, yoxsa hakim niyyət ?

Hakimiyyət, yoxsa hakim niyyət ?

7 Sentyabr 2011, 14:28

Qəddi əyilən Qəddafi !

Dünyanın qocaman diktatorlarından biri olan Liviyanın sabiq lideri Müəmmər Qəddafinin qəddi artıq əyilib. Bu günədək maraqlı xüsusiyyətləri ilə yaddaşlarda qalan polkovnik Qəddafini əslində yeni tanıdıq. O, bizim xatirimizdə çadırda yaşamağı sevən və səfərləri zamanı çadırını da özü ilə aparan “dəlisov lider” kimi qalmışdı. Sən demə polkovnikin o çadırının altında nələr yatırmış!

Qəddafi o Qəddafi oldu ki, öz hakimiyyəti bahasına qanlar tökdü, xalqına silah qaldırdı. Yüzlərlə dinc insanın qatili və vətəndaş müharibəsinin müəllifi kimi tarixə düşdü.

42-dən 42-yə ...

Müəmmər Qəddafi 1942-ci ildə anadan olub və 42 il Liviyaya rəhbərlik edib. Belə görünür, “42” rəqəminin onun həyatında xüsusi yeri var. Ancaq, hakimiyyətə gəlişinin 42-ci ilini qeyd etmək Liviya diktatoruna qismət olmadı. 1969-cu ildə çevriliş edərək Liviyada rəhbərliyi ələ keçirən Müəmmər Qəddafi elə özü də eyni aqibətin qurbanı oldu. Müəmmər Qəddafinin rejimi tədricən parçalandı və onun Liviyadakı hökmranlığına son qoyuldu. Ancaq, bu hələ Liviyanın “ağ günə” çıxmasına dəlalət etmir.

Ölkədə rəhbərlik müxalifətin yaratdığı Milli Keçid Şurasının əlindədir. Artıq, Azərbaycan da daxil olmaqla dünyanın 60-a yaxın ölkəsi bu hökumətin legitimliyini tanıyıb. Avropa ölkələrinə güvənən Milli Keçid Şurası NATO-nun gücündən necə var yararlanır. Ölkədə hələ də Qəddafi tərəfdarları ilə yeni hökumətin qüvvələri arasında gərginlik hökm sürür. Liviya diktatoru isə onu gözləyən “sürprizləri” əvvəlcədən görərək təslim olmaqdan qorxur. O, gah peyda olub xalqı mübarizəyə səsləyir, gah da susur və bir müddətdən sonra yenidən peyda olaraq təslim olmayacağını, ölənədək savaşacağını bildirir. 

Qəddafi qəddarlığının sonu ...

Yüzlərlə insan meyiti, axan qanlar, yanan və talan edilən şəhərlər ... Bir sözlə, viran qalmış bir ölkə! Budur, Qəddafi qəddarlığının real nümunəsi ...  Hakim niyyətli Liviya diktatoru öz nüfuzu, taxt-tacı üçün heç nəyi göz önünə almadan əlini xalqının qanına buladı.  

Bütün bu sadalananların səbəbkarı indi qaçaq düşüb. Dünya mediasında Müəmmər Qəddafinin harada olması ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılmaqdadır. Ancaq, axtarışlar davam edir.

Qəddafinin taleyinə hələ ki, vergül qoyulub. Nöqtəni qoymaq üçün isə onu tapmaq lazımdır.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza