Amerika mətbuatı prezident Barak Obamanın İsrailə Türkiyədən üzr istəməsi üçün təzyiq göstərdiyini yazıb. Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, “VorldNetDaily” internet saytı Ağ evin İsrail ilə Türkiyə arasındakı gərginliyin aradan qalxmasının tək yolunun “İsrailin üzr istəməsi” olduğunu yazıb.
Sayt yazır ki, ABŞ prezidenti Barak Obama Türkiyəni Orta Şərq və Şimali Afrikada baş verən siyasi dəyişiklərin açar ölkəsi olduğunu nəzərə alaraq İsrailə təzyiq göstərir.
“VorldNetDaily”-ə açıqlama verən israilli nümayəndələr Obama hakimiyyətinin “Mavi Mərmərə” hadisəsinə görə İsraili günahlandırmadığını, buna baxmayaraq Türkiyənin üzr tələbinə dəstək verdiyini narazılıqla qeyd ediblər
Türkiyə İsrail səfirini ölkədən çıxarıb. Səbəb İsrailin 2010-cu ildə Qəzzaya yardım aparan türk gəmisinə reyd etməsi və insanları öldürməsindən sonra üzr istəməkdən imtina etməsidir.
Birləşmiş Millətlər Təşkilatının isə hadisə ilə bağlı hesabatında İsrailin "aşırı güc"dən istifadə etdiyi, amma onun yaratdığı blokadanın qanuni olduğu bildirilir.
Türkiyə İsrail səfirini sentyabrın 2-də ölkədən çıxarıb və İsraillə hərbi əməkdaşlığı ötən həftə dayandırıb.
Modern.az