“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, Gürcüstan Respublikasının Kutaisi şəhərində yerləşən 2 saylı İslah Əmək Müəssisəsində cəza çəkən Əhməd Əbilova adı çəkilən müəssisə əməkdaşları tərəfindən işgəncə verilib.
Bu barədə Əbilov Gurcüstan Ombudsmanına müraciətində bildirib. Müraciətdə qeyd olunur ki, iki nəfər müəssisə nəzarətçisi ona fiziki və mənəvi işgəncələr verib, nəticədə məhkumun səhhətində yaranan narahatlıqlara görə ehtiyacı olduğu tibbi yardıma da imtina edilib.
Gürcüstan Respublikası Ombudsmanı nümayəndələri müəssisəyə baş çəkib, məhkum Əbilovun müraciətdə göstərdiyi faktları, məhkumun bədənində işgəncə izlərini aşkar edib, məhkum yoldaşları isə bu faktı təsdiq ediblər.
Ombudsman Qiorqi Tuquşi Gürcüstan Prokurorluğuna məhkum Əbilova bədən xəsarətlərinin yetirilməsi ilə bağlı tədqiqat başlanılması, məhkəmə tibbi ekspertizasının keçirilməsi tövsiyyəsi ilə müraciət ünvanlayıb. Budan başqa, Ombudsman Əbilovun müraciətində şikayət etdiyinə görə yenidən işgəncələrə məruz qala biləcəyini nəzərə alaraq başqa müəssisəyə keçirilməsi xahişinin təmin olunması üçün Gürcüstan Penitensiar Departamentinə müraciət yollayıb.
Təşkilatın icraçı direktoru Elçin Salmanov bildirib ki, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi olaraq soydaşımız Əhməd Əbilovun qeyri-insani rəftara məruz qalmasından və onun hazırki durumundan narahatdırlar. O qeyd edib ki, insan ləyaqəti ilə ayrılmaz olan mənəvi bütövlük və şəxsiyyətə hörmət hüququ onu tələb edir ki, heç bir insana heç bir halda insan ləyaqətinə sığmayan, onu insan kimi alçaldan rəftar və cəza verilməsin.
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır” - deyən E.Salmanovun sözlərinə görə, bu qadağa bir sıra beynəlxalq konvensiyaların tələbidir və işgəncə cinayətini törətmiş şəxslər cəzasız qalmamalıdırlar.
Elçin Salmanov: “Birliyimiz artıq 7 ildir ki, məhkum hüquqlarının qorunması ilə məşğul olur. Bizim fəaliyyətimiz yerli səviyyədə məhkumların müdafiəsi, qanunvericiliyin onlara verdiyi hüquqların təminatı, məhkumların saxlanma şəraitinin beynəlxalq standartlara uyqunlaşdırılması istiqamətində layihələr həyata keçirməklə məhdudlaşmır. Biz həmçinin bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, bir çox beynəlxalq və regional layihələrdə iştirak edirik. Bu baxımdan qonşu Gürcüstan Respublikasında baş verən bu fakta da biganə qala bilməzdik. Biz, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi olaraq Gürcüstan Respublikasının Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə məhkum Əbilovun hazırki durumunun öyrənilməsi məqsədilə onun saxlanıldığı müəssisədə tərəfimizdən monitorinq aparılmasına şərait yaradılması, həmiçinin Gürcüstan Respublikası Baş Prokurorluğuna faktla bağlı aparılan istintaqın nəticəsi haqda bizə məlumat verilməsi xahişi ilə müraciət etmişik. Müraciətimizə cavab aldıqdan sonra Gürcüstana səfər edərək Əbilovun hazırki durumunu öyrənib ictimaiyyətə məlumat verəcəyik” .
Modern.az