Bu gün Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində Azərbaycan Pprezidenti İlham Əliyevin iştirakı ilə yeni sutəmizləyici qurğunun təməli qoyulub.
Modern.az xəbər verir ki, mərasimdə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov bildirib ki, təməlqoyma Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin 50 illik yubileyinə təsadüf edir.
İlham Əliyev Bakı şəhəri və ətraf qəsəbələrin su təchizatının perspektiv planına baxıb. Dövlət başçısı metal gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunu işə salıb.
“Azərsu” ASC-nin məlumatına görə, 1950-ci illərdə Abşeronda içməli və texniki suya tələbatın artması ilə əlaqədar Samur-Dəvəçi kanalının Abşerona qədər uzadılması, Ceyranbatan anbarında şirin su ehtiyatının yaradılması və anbarın sahilində Sutəmizləyici Qurğular Kompleksinin inşasına qərar verilib.
1957-ci ildə ümumi tutumu 186 milyon kubmetr olan Ceyranbatan su anbarının şirin su ilə doldurulmasına başlanılıb. Anbarın doldurulması ilə paralel hövzənin sahilində Sutəmizləyici Qurğular Kompleksi tikilib. 1961-ci ilin sentyabr ayının 8-də məhsuldarlığı saniyədə 2,64 kubmetr olan Sutəmizləyici Qurğular Kompleksinin birinci qurğusu istismara verilib. Məhsuldarlığı saniyədə 2,64 kubmetr olan ikinci qurğu 1966-cı ildə işə salınıb.
Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksinin üçüncü növbəsi isə 1978-ci ildə tikilərək istifadəyə verilib. Bu qurğunun məhsuldarlığı saniyədə 2,22 kubmetrdir. Qurğuların ikinci və üçüncü növbələrinin istismara verilməsi ilə Sumqayıt şəhərinin, Bakıətrafı kəndlərin və paytaxtın şərq hissəsinin su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb. Bu gün Sumqayıt şəhərinə, Abşeron, Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrinə verilən su Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksində emal olunur. Emal olunan içməli suyu istehlakçılara çatdırmaq üçün 6 ədəd iri diametrli magistral su kəməri çəkilib. Su kəmərinin 2 xətti Maştağa anbarlarına, 3 xətti Binəqədi nasos stansiyasına, 1 xətti isə Sumqayıt şəhərinə su nəql edir.
Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi 50 ildir ki, Abşeron yarımadasında içməli və texniki su təchizatında əvəzedilməz mənbə kimi fəaliyyət göstərir. Bu dövrdə yalnız bir dəfə, 1998-2002-ci cı illərdə Sutəmizləyici Qurğularda əsaslı təmir aparılıb. “Böyük Bakının su təchizatı sisteminin yenidənqurlması” layihəsi çərçivəsində birinci və ikinci qurğular yenidən qurulmuşdur.
“Azərsu” ASC bildirib ki, hazırda dünya praktikasında az bulanıqlı suların təmizlənməsi üçün iqtisadi cəhətdən səmərəli və avtomatik idarə oluna bilən yeni ultrasüzgəcli qurğulardan istifadə olunub. Ənənəvi qum filtrlərindən fərqli olaraq, bu tip ultrasüzgəclər suyun tərkibindəki 0,01 mikron ölçüdən böyük hissəciklərlə yanaşı, suda olan bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da suyun təbii duz tərkibi saxlanılmaqla, onun daha yaxşı təmizlənməsi, xoşagəlməz iy və dadların aradan qaldırılması təmin edilir. Ultrasüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır.
Bakı və Sumqayıt şəhərlərinə verilən suyun keyfiyyət göstəricilərini dünya standartlarına uyğunlaşdırılması məqsədilə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi ərazisində ultrasüzülmə texnologiyasına əsaslanan müasir sutəmizləyici qurğunun tikilməsi xüsusi əhəmiyyət daşıyır. Məhsuldarlığı saniyədə 6 kubmetr (sutkada 520 min kubmetr) olacaq bu qurğu əhalinin fasiləsiz, keyfiyyətli içməli su təminatına öz töhfəsini verəcək.
Göstərilən məhsuldarlıq üçün ənənəvi sutəmizləyici qurğunun tikintisi üçün 6-8 hektar ərazi lazım olduğu halda, yeni texnologiyaya əsaslanan qurğunun tikintisini 1 hektara qədər ərazidə aparmaq olar. Yeni qurğunun tətbiqi nəticəsində elektrik enerjisinə qənaət olunacaq və qurğu az işçi heyətlə tam avtomatik rejimdə idarə olunacaqdır. Nəzərdə tutulan sutəmizləyici qurğunu 18 ay müddətində inşa etmək mümkündür. Burada emal olunacaq su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək.
Ceyranbatanda tikiləcək ultrasüzgəc texnologiyalı yeni qurğuda Hollandiya istehsalı olan müasir avadanlıqlardan istifadə olunacaqdır. Bu tip avadanlıqlar ənənəvi qum fitrlərindən aşağıdakı üstünlükləri ilə seçilir:
Suyun mineral tərkibi saxlanılmaqla zərərli bakteriya və mikroblardan tam təmizlənməsi;
Emal prosesində xlor və digər reagentlərdən istifadə olunmaması;
Emal olunmuş suyun Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verməsi;
Antropogen və texnogen təsirlərdən baş verə biləcək istənilən bakterioloji çirklənmədən tam qorunma;
Qurğunun tam avtomatik rejimdə idarə edilməsi;
Qurğunun kiçik ərazidə kompakt yerləşməsi;
Qurğunun istismarı və təmirinin asan başa gəlməsi.
Suyun istehlakçılara özüaxımlı rejimdə çatdırılması üçün yeni qurğuda emal olunacaq su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə özüaxımlı rejimdə paylanacaq.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yeni qurğunun inşası ilə yanaşı burada təmizlənəcək suyu istehlakçılara çatdırmaq üçün yeni magistral su kəmərləri, paylayıcı şəbəkə və su anbarlarının tikilməsi nəzərdə tutulur.
Dövlət Proqramına uyğun olaraq, Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə olmaqla təmin etmək mümkün olacaqdır. Hazırda su təchizatı şəbəkəsinə qoşulmayan Türkan, Zirə, Qala, Dübəndi, Gürqan və Pirallahı qəsəbələrini su ilə təmin etmək üçün Ramana su anbarı kompleksindən uzunluğu 65 km və diametri 600-1200 mm olan yeni su kəmərinin çəkilişi nəzərdə tutulur.
Modern.az