Sentyabrın 8-də «Xural» qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyev saxlanılıb. Ona 12 sutka inzibati həbs cəzası verilib. Bu barədə "Azadlıq" radiosuna Lənkəran şəhər polisindən məlumat verilib.
O, Sərpəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Polisdən verilən məlumata görə, Aydın Canıyev kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunur.
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı "Azadlıq"a deyib ki, o da müxbirin həbsi barədə məlumatı mətbuatdan oxuyub. Deməsinə görə, sonuncu dəfə Aydın Canıyevlə sentyabrın 6-ı axşam görüşüb:
«Mənə dedi ki, şeyx və mollalarla bağlı qəzetdə gedən yazılarla bağlı onu şeyxin mühafizəçisi Bakıya çağırıb, hətta 40 manat yolpulumu da onlar verib. Deyilib ki, onun yazılarında dindarlarla bağlı bəzi düzgün olmayan məqamlar var. Dediyinə görə, o da həmin səhvlərin düzəldiləcəyinə söz verib. Mənə bunları dedi. Onun həbs olunması ilə bağlı məlumatı eşidəndən sonra onunla heç cür əlaqə saxlaya bilməmişəm».
Əvəz Zeynallının deməsinə görə, Aydın Canıyevin cənub bölgəsində dindarların fəaliyyəti ilə bağlı xeyli tənqidi yazıları olub. Onun deməsinə görə, həmin yazılarda daha çox Qafqaz müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi tənqid olunurmuş. Baş redaktor müxbirin yazılarına görə həbs oluna biləcəyini deyir.
Modern.az