“ATƏT-in Parlament Assambleyasının payız sessiyasında Azərbaycan nümayəndə heyəti həmişə olduğu kimi fəal iştirak edəcək. Bu təşkilat Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirməlidir”.
Modern.az xəbər verir ki, bu fikirləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi ilə bağlı sənədlər qəbul ediblər. Onun sözlərinə görə, bu sənədlər danışıqlar prosesində Azərbaycanın mövqeyini gücləndirən faktorlardır.
“Təəssüf ki, ATƏT PA hələ də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hər hansı sənəd qəbul etməyib. Biz nümayəndə heyəti olaraq belə bir sənədin qəbul edilməsini vacib sayırıq. Çünki ATƏT beynəlxalq təşkilat kimi artıq uzun müddətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində vasitəçilik missiyası həyata keçirir. Hesab edirəm ki, ATƏT PA-nın yeni xüsusi nümayəndəsi Joao Soareş də öz fəaliyyətində obyektiv mövqe tutacaq”- deyə nümayəndə heyətinin üzvü vurğulayıb.
Modern.az