Modern.az saytının Qərb bölgəsi üzrə əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarında Samux rayonunun Sərkar kəndində 2 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Samux və Gəncədən yanğınsöndürənlər cəlb edilib, artıq yanğın tamamilə söndürülüb.
Bu dəhşətli yanğının tükürpədici məqamı bir ailənin iki azyaşlı uşağının alovda diri-diri yanmasıdır.
Məlumata görə, Elşad Əbilova məxsus yanan evdə onun 2 və 1 yaşlı uşaqları olub. Lakin onlar yanğından xilas ola bilməyib və yanaraq həlak olublar. Hadisə baş verən zaman 2 yaşlı Kanamdar və 1 yaşlı Rzanın anası Kəmalə Əbilova və nənələri Rəna Əbilovanın həyətdə olduğu bildirilir. Onlar yanğından bir qədər gec xəbər tutduqlarından uşaqları xilas edə bilməyiblər. Evin əksər hissəsi isə yararsız hala düşüb. Yanğınsöndürənlərin ilkin araşdırmalarına görə, yanğın soyuducuda baş verən qısaqapanma nəticəsində baş verib. Lakin bu ilkin ehtimal olduğundan araşdırmalar davam etdirilir.
Xaliq Qurbanov
Samux