Modern.az

«İslahat» deputat qrupu bəyanat verdi

«İslahat» deputat qrupu bəyanat verdi

13 Sentyabr 2011, 16:26

 Modern.az saytının məlumatına görə, Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında “İslahat” deputat qrupunun növbəti toplantısı keçirilib. Milli Məclisin payız sessiyası öncəsi keçirilən toplantıda “İslahat” deputat qrupunun faəliyyət istiqamətləri, qrupa daxil olan partiyaların daha geniş müstəvidə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə olunub.

“İslahat” deputat qrupunun müzakirəsinə çıxarılan əsas məsələlərdən biri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı olub. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının təkcə Azərbaycan Respublikasının vətəndaşları üçün deyil, bütün dünya azərbaycanlıları üçün həyati önəm daşıdığını qeyd edən millət vəkilləri bu münasibətlə bəyanat qəbul ediblər. Bəyanatda deyilir:

- 18  oktyabr  2011-ci il tarixdə Azərbaycan xalqı  dövlət müstəqilliyimizin bərpa olunmasının 20 illiyini bayram edəcəkdir. Bu böyük tarixi günlə əlaqədar biz, 17 mart 1991-ci il tarixdə SSRİ-nin saxlanması məqsədilə referendum keçirilməsinin əleyhinə səs vermiş Azərbaycan SSR Ali Sovetinin 43 deputatını (sonradan vətənə xəyanətə görə məhkum olunmuşlar istisna olmaqla), o cümlədən Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyi (ölümündən sonra) «İstiqlal» ordeni ilə təltif etməyə, bu şəxslərin və 1991-95-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Milli Məclisinin üzvlərinin (dünyasını dəyişmiş şəxslərin isə ailə üzvlərinin) sosial müdafiəsinin gücləndirilməsi barədə müvafiq qərar qəbul etməyə çağırırıq.

Biz, bu şəxslərdən biri olmuş və hazırda həbsdə olan «Müsavat» partiyasının icra katibi Arif Hacılının da azad olunmasını xahiş edirik.

«İslahat» deputat qrupu hesab edir ki, həmin şəxslərin bəziləri müstəqil Azərbaycan dövlətində vəzifə tutaraq dövlət hakimiyyəti orqanlarını gözdən salmış, Azərbaycan xalqının qanunun aliliyinə söykənən vətəndaş cəmiyyəti quruculuğuna olan inamını, o cümlədən Dağlıq Qarabağı işğaldan azad edəcəyimizə dair ümidlərimizi müəyyən dövr üçün puç etmişlər. Hazırda onların içərisindən siyasətlə məşğul olan müəyyən şəxslərin mövqelərini bölüşməsəkdə, hətta bəzi məqamlarda məqbul saymasaq da, Milli Azadlıq Hərəkatının öncüllərindən yalnız həmin şəxslərə parlament üzvlüyü nəsib olmuş və həmin dönəmdə heç nədən çəkinməyərək SSRİ-nin əleyhinə səs vermiş, Azərbaycan istiqlalına gedən yolda tarixi rol oynamışlar.

«İslahat» deputat qrupu hesab edir ki, belə bir qərarın qəbul olunması, habelə hüquq müdafiəçisi Vidadi İsgəndərlinin, Cabbar Savalanın, o cümlədən 2 aprel 2011-ci ildə mitinq keçirməyə cəhd etdikləri üçün həbs olunmuş digər şəxslərin azad edilməsi yaxın tariximizə hörmətimizi nümayiş etdirən ədalətli qərar olmaqla yanaşı, milli birliyimizə və ölkədə köklü islahatların keçirilməsinə də əlverişli zəmin yarada bilər.   

Xatırladaq ki, “İslahat” deputat qrupunda Vətəndaş Həmrəyliyi (Sabir Rüstəmxanlı, Fəzail İbrahimli), Bütöv Azərbaycan Xalq Cəbhəsi (Qüdrət Həsənquliyev, Böyük Quruluş (Fazil Mustafa) və Ədalət Partiyaları (İlyas ismayılov) təmsil olunur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı