“Türkiyənin ərəb, türk dünyasının, xüsusən də Fələstinin probleminə həssaslıq nümayiş etdirməsi İsraili narahat edir”.
Bu fikri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa gərginləşən Türkiyə-İsrail münasibətlərini şərh edərkən səsləndirib. Qeyd edib ki, regionda cərəyan edən siyasi proseslərin fonunda rəsmi Ankara İsraillə münasibətlərini davam etdirmək bahasına ərəb dünyası ilə münasibətlərinin az səviyyədə olmasında maraqlı deyil:
“Bir neçə jestlə Türkiyənin rəhbərliyi İsrailin diqqətinə çatdırmışdı ki, Qəzzanın bu qədər mühasirəyə alınması heç bir insanlığa sığmır, bu qeyri-humanist hərəkatdır və aradan qaldırılmalıdır. Səbrləri daşıran isə «Mavi Mərmərə» gəmisinin Qəzzaya humanitar yardım aparan zaman İsrail hərbiçiləri tərəfindən silahlı basqına məruz qalması oldu. Bu məsələlər həm də Yaxın Şərq kontekstində təhlil olunmalıdır. Çünki bu gün İsrail ərəb dünyasının içində normal münasibəti olan dövlətlərdə belə öz dayağını itirir. Həmçinin bu proseslərdə ABŞ-ın İsrailə etimadının azalması da müşahidə olunmaqdadır. Amerikanın mövqeyində bu barədəki narazıçılıq açıq-aydın hiss olunur. Xüsusən də Barak Obama siyasətində İsrailin Fələstin problemini həll etməyə yönəlik addımlar atmamasından narazılıq var. İsrail tərəfinin ABŞ vitse prezidenti Baydeni də təhqir etməsi rəsmi Vaşinqtonda heç də yaxşı qarşılanmayıb. Belə məqamda Türkiyə də bu proseslərdə İsraillə münasibətlərini davam etdirmək bahasına ərəb dünyası ilə münasibətlərinin az səviyyədə olmasına maraqlı görünmür. Belə bir dolaşıq münasibətlər sistemində Türkiyənin davranışlarını anlamaq olar. Amma İsrailin son addımları, xüsusən də BMT-nin də İsrailin cinayətlərinə şərik çıxması çox ciddi bir vahid durum yaradıb. Bu durum ondan ibarətdir ki, artıq hərbi güclə istənilən ölkə istənilən məqamda, istənilən beynəlxalq ərazidə istənilən ölkə vətəndaşını öldürə bilər. Buna BMT haqq qazandırıb. Bu səbəbdən İsrailin digər dövlətlərlə olan gərgin münasibətlərinin tezliklə düzələcəyini söyləmək olmaz. Bu proses davam edəcək və İsrail Türkiyədən üzr stəməyincə, inanmıram ki, rəsmi Ankara razı qalsın. Çünki vətəndaşının haqqını, xüsusən də öldürülmüş vətəndaşının haqqını qorumayan bir hökumət Türkiyə cəmiyyətində öz etibarını tezliklə itirə bilər. R.T.Ərdoğan və onun komandası da bunu çox yaxşı başa düşür”.
İsrail rəsmilərinin uydurma “erməni soyqırımı”nı tanımaq və PKK-ya dəstək vermək barədə bəyanatlarına toxunan millət vəkili bunları rəsmi Təl-Əviv tərəfindən Türkiyəni şantaj etmək məqsədilə atılmış bir addım kimi qiymətləndirib. O, bildirib ki, rəsmi Təl-Əvivin uydurma “erməni soyqırımı”nı tanımaq və PKK-ya dəstək vermək kimi bəyanatlar səsləndirməsi nəticəsində İsrail həm Türkiyəni, həm də Azərbaycanı itirə bilər:
“Təsəvvür edin ABŞ PKK-nı rəsmən terrorçu təşkilat kimi tanıyır. Birdən-birə İsrail bəyanat verir ki, Amerikanın terrorçu kimi tanıdığı qüvvəyə biz dəstək verəcəyik. Bu İsrailin imici üçün ciddi zərbədir. Uydurma “erməni soyqırımı” ilə bağlı bəyanat nəticəsində isə İsrail həm Türkiyəni, həm də Azərbaycanı itirə bilər. Çünki hər iki ölkədəki cəmiyyət İsrailə qarşı düşmən mövqe göstərmək məcburiyyətində qalacaqdır. Ümumiyyətlə hər iki məsələdə bəyanat İsrail üçün bumeranq rolunu oynayacaq. İsraildə siyasətlə məşğul olan ağıllı adamlar çox yaxşı başa düşürlər ki, Türkiyə ilə münasibətlərin korlanması İsrailin regionda tamamilə təklənməsi deməkdir. Hətta gələcəkdə İsrailə qarşı türk və ərəb dünyasının birlik şəklində ortaya çıxması İsrail üçün heç də xoş olmayan nəticələrə gətirib çıxara bilər. Ola bilsin ki, silah-sursat, hərbi texnika üstünlüyü, yaxud ABŞ-dan, Avropa Birliyi ölkələrindən dəstək almaq barədə İsraildə arxayınçılıq var. Amma söhbət bölgədə yaşamaq imkanlarından gedir. Bu, İsrail üçün olduqca problemə çevrilə bilər. Ona görə də İsrail tərəfi məsələlərin yumşalması üçün ciddi addımlar atmağa məhkumdur”.
İsrail-Türkiyə münasibətlərinin müharibə səviyyəsinə gəlib çatma ehtimalına fikir bildirən partiya sədri, belə bir vəziyyətin reallaşmasını qeyri-mümkün hesab edib. Onun sözlərinə görə, İsraildə heç kim müharibə səviyyəsinə gətirib çıxaracaq addımlar atmaz:
“Mən inanmıram ki, İsrail-Türkiyə münasibətləri müharibə səviyyəsinə gəlib çatsın. Çünki İsrail yaxşı başa düşür ki, Türkiyə ilə müharibəyə girmək, onun bölgədəki imkanlarının tükənməsinə gətirib çıxaracaq. İsrail tərəfdən müharibə qərarı olduqca təhlükəli və riskli bir qərar olardı. Bu baxımdan İsrail Qəzzada yaşayan insanların hüquqlarını əvvəl-axır tanımalı və buradakı mühasirəni aradan götürməlidir. Əks halda bu İsrail üçün çox ciddi nəticələr doğura bilər. İsrail məcburdur ki, bölgədəki xalqlarla normal münasibətlər qursun. İsrailin özündə əhali bu qədər təhlükəli, bu qədər qapalı vəziyyətdə yaşamaqdan beziblər. Ona görə də düşünürəm ki, İsraildə kimsə müharibə səviyyəsinə gətirib çıxaracaq addımlar atmaz. Amma Türkiyə ilə münasibətləri yumşaltmaq üçün İsrail tərəfinin addımlar atması daha real görünür”.
Rufik İSMAYILOV