ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə görüşdə seçkilərə müdaxilə, Ukrayna və Suriya məsələlərini müzakirə edəcək.
Modern.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp həmçinin Rusiyaya qarşı sanksiyalar məsələsinə də baxılacağına işarə edib.
ABŞ prezidenti bu barədə Nyu-Cersiyə səyahəti zamanı təyyarədə jurnalistlərə bildirib.
“Biz hətta silahlanmada milyonlarla dollara qənaət etmək barədə də danışa bilərik” – Tramp bildirib.
Jurnalistlərin Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi barədə sualını çox maraqlı şəkildə cavablandırıb:
“Biz Rusiyanın hansı addımlar atacağına baxacağıq. Rusiya ilə bir çox məsələləri müzakirə etmək niyyətindəyik” – ABŞ prezidenti bildirib.
Beləliklə, ABŞ prezidenti Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində olduğuna işarə edib.
Bunu həmçinin, Krımla bağlı suala cavabı da təsdiq edir.
Jurnalistlərin "Krımı Rusiyanın bir hissəsi kimi tanıyacaqsınızmı" sualına Tramp hər zamankı kimi qalmaqallı cavab verib.
“Biz bu məsləyə də baxacağıq” – ABŞ lideri bəyan edib.
O, Krımla bağlı bütün problemlərin eks-prezident Barak Obama ilə əlaqələndirib və bunun onun günahı üzündən baş verdiyini bildirib.
Qeyd edək ki, iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Əvəz ZEYNALOV