Modern.az

Tramp Sərkisyanı qəbul etmədi

Tramp Sərkisyanı qəbul etmədi

Dünya

1 İyul 2018, 23:14

Ermənistan prezidenti Armen Sərkisyan iyunun 30-da ABŞ-da səfərdə olub. Vaşinqtonda onu ABŞ dövlət katibi Mayk Pompeo qəbul edib. Modern.az xəbər verir ki, halbuki az öncə Qazaxıstan və Özbəkistan prezidentlərini prezident Donald Tramp şəxsən qəbul etmişdi. Erməni prezidentin nədən ABŞ prezidenti tərəfindən qəbul edilməməsi suallar yaradıb.

 

Bu barədə siyasi ekspert Yeganə Hacıyeva Musavat.com-a bildirdi ki, Sərkisyanı Qazaxıstan və Özbəkistan prezidentlərindən fərqli olaraq Tramp deyil, dövlət katibi Pompeonun qəbul etməsi istər Ermənistanda, istərsə də xaricdə siyasət izləyicilərinin diqqətindən yayınmayıb:

 

“Mayda baş verən hakimiyyət dəyişikliyindən sonra Ermənistan prezidentinin ABŞ-a səfəri zamanı onun prezident səviyyəsində qarşılanmamasını ABŞ-ın Ermənistanın yeni hökümətinə etimad göstəricisi kimi qəbul etmək lazımdır. Bundan narahat olan Ermənistan siyasi hakimiyyəti ölkə daxili auditoriya üçün buna bir neçə izah verdi.

 

Bu izahlardan ən maraqlısı, arqument olaraq eyni ayda ABŞ-da səfərdə olan qonşu Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin də dövlət katibi Mayk Pompeo ilə görüşməsini əsas gətirilməsi idi. Digər əsaslardan biri də əlbəttə aprel ayında təsdiqlənən bu dəyişikliklərə görə Sarkisyanın hakimiyyəti baş nazirlə bölüşməsi və yeni konstitusiyaya görə sadəcə mərasim, protokol vəzifəsini daşımasıdır. Ancaq əlbəttə ki, Qazaxıstan və Özbəkistan prezidentlərindən fərqli olaraq Ermənistan prezidentinin Tramp tərəfindən ayrı-seçkiliyinin daha ciddi izahı var. Bu isə yeni hakimiyyətin regional təhlükəsizliklə bağlı neqativ addımları ilə bağlıdır. Etirazlar davam edərkən və məxməri çevrilişin ilk günlərindən yeni baş nazir hökumətin qərbpərəst və qərb siyasi elitasının dəstəyi ilə hakimiyyətə gəlməsi görüntüsünü yaratdı.

 

Etirazlar davam edən günlərdə qərbpərəst və Qərbdən dəstəklənmək arqumenti Paşınyanın rəhbər olduğu siyasi qüvvəyə cəmiyyətdə mövqeylərinin möhkəmlənməsinə və xaricdən dəstək faktorunun artmasına gətirib çıxartdı. Bir çox beynəlxalq siyasi təşkilatlar, analitika mərkəzləri Rusiyapərəst, hərbi cinayətkar Serj Sarkisyan hökümətindən fərqli olaraq yeni qərbpərəst Paşinyan hakimiyyətinin Avropa və Asiya enerji dəhlizi strateji keçid olan Cənubi Qafqaz regionun stabilliyinə ən böyük hədə olan Dağlıq Qarabağ konfliktində gərginliyi aradan qaldıra biləcəyi gözləntiləri var idi. Lakin özünü qərbpərəst demokrat qələminə verən yeni baş nazir Paşınyanın beynəlxalq hüquq və normalara zidd olan Xankəndi səfəri və orda keçirdiyi ilk mətbuat konfransında beynəlxalq ictimaiyyətin və tərəflərin uzun illər səyi nəticəsində ATƏT-in Minsk Qrupu çərçivəsində əldə etdiyi bütün razılaşmaların əksinə və yenilənmiş Madrid prinsiplərinin zidd olan Qarabağ mesajları soyuq duş effekti verdi. Ermənistandakı yeni hakimiyyətin əslində regionda separatizmin dəstəklənməsi və inkişafına səbəb olan dairələrin layihəsi olmasını meydana çıxardı.

 

Bu istiqamətdə fikirləri Paşinyanın baş nazir kimi ilk xarici səfərini Rusiyaya etməsi daha da möhkəmləndirdi. Bu səfərlə Ermənistandakı yeni baş nazir və yeni hakimiyyət əməkdaşlıqda prioritet istiqamətini nümayiş etdirdi. Baş nazir kimi fəaliyyətinin ilk ongünlüyündə atdığı digər addımlarla Ermənistanın yeni siyasi səriştəsiz hakimiyyətinin Cənubi Qafqaz regionunun stabilliyi üçün daha təhlükəli olduğu ortaya çıxdı. Ermənistanın yeni prezidentinin ABŞ prezidenti tərəfindən qəbul edilməməsində bu məqamlar da rol oynayır”.

 

Ekspert hesab edir ki, Sərkisyanla Trampın görüşməməsini ABŞ-ın Ermənistanın yeni hakimiyyətinə etimadının olmamasının nümayişi kimi qəbul etmək lazımdır: “Ermənistan paralel şəkildə ABŞ-ın Cənubi Qafqaz da strateji tərəfdaşı və ən böyük ticari tərəfdaşı olan Azərbaycanın illərdir işğal altında saxladığı 20% ərazisində vəziyyəti bu günlərdə daha da gərginləşdirməkdə davam edir. Digər bir səbəb isə ABŞ-ın sanksiyaları və Ermənistanın bu vəziyyətdə atdığı addımlardır. Ermənistanın regionda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır. Hər iki ölkəyə ABŞ-ın sanksiyaları tətbiq olunur. Artıq bir neçə il ildir İranla nüvə sazişinin imzalanması və ardınca AB-nin bu ölkəyə tətbiq etdiyi sanksiyaların ləğvindən sonra Ermənistanda İrandan gələn enerji, nəqliyyat və qlobal logistik kommunikasiyalarda iştirak etmək xülyası var. Bu isə ABŞ-ın xarici siyasətdə proteksionist biznesmen təfəkkürlü prezidentinin xoşuna gəlmir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB