Modern.az

Azərbaycanda qanun yaxın qohumların birgə işləməsini qadağan etsə də...

Azərbaycanda qanun yaxın qohumların birgə işləməsini qadağan etsə də...

3 Dekabr 2009, 14:57

YAXIN QOHUMLARINI TABEÇİLİKLƏRİNƏ İŞƏ GÖTÜRƏN DÖVLƏT MÜƏSSİSƏSİ RƏHBƏRLƏRİNƏ CƏZA MEXANİZMİ YOXDUR

 

Heç kimə sirr deyil ki, bəzi dövlət orqanlarında, təhsil və səhiyyə müəssisələrində, neft və qaz istismarı sahəsində, hətta özəl sektorda işə düzəlmək asan məsələ deyil. Çünki bunun üçün ya gərək kiminsə tanışı olasan, ya da qohumu. Qohumdan söz düşmüşkən, Azərbaycan qanunvericiliyinə görə, yaxın qohumların birgə işləməsinə yol verilməməlidir. Amma əksər hallarda dövlət orqanlarında işləyənlərin çoxu bir-birlərinin qohumdur. Yəni gerçəklik qanunun pozulduğunu göstərir. Hətta özəl sektorda, yeni açılan müəssisələrdə rəhbərlik hamıdan öncə öz qohumunu işə götürür.

Qeyd etdiyimiz kimi, ayrı-ayrı dölət müəssisələrinin rəhbərləri çalışırlar ki, tabeçiliklərində olan boş iş yerlərinə öncə yaxın qohumlarını götürsünlər. Yeri gəlmişkən, Baki Metropoliteninin rəisi Tağı Əhmədov bir dəfə televiziya efirindən açıq şəkldə bəyan etmişdi ki, o, qohum-əqrəbasını işə götürməklə guya, düz hərəkət edir.

Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuruyev Modern.az saytına bildirib ki,  “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, vəzifəli şəxslər qohumlarını tabeçiliyinə işə götürə bilməzlər: “Belə hal olarsa, vəzifəli şəxs mütləq bu haqda məlumat verməli və həmin şəxslərin başqa işə keçirilməsi prosesi təmin olunmalıdır. Amma hazırda bu norma Azərbaycanda işləmir. Qeyd edim ki, söhbət dövlət orqanlarından gedir. Bu məsələ özəl sektora aid deyil”.

Sözügedən normanın Azərbaycanda daha çox deklorativ məzmun aldığını deyən hüquqşünasın sözlərinə görə, bunun təminatları ilə bağlı digər qanunların da qəbul edilməsi vacibdir: “Bu, ilk növbədə “Maraqların toqquşması haqqında” qanunun qəbul edilməsindən keçir. Bu qanunla qohumların uyğun işlə təmin edilmək prosesləri ilə bağlı mexanizmlər işlənib hazırlanmalıdır. İstənilən qadağanedici norma qoyanda eyni zamanda, qadağanedici normanı təmin edən digər normalar sistemi də olmalıdır. Baxmayaraq ki, qanunda bu qadağanedici norma var, ancaq digər mexanizmlər olmadığı üçün həmin norma işləmir”.

Ə.Nuriyev sözügedən məsələ ilə bağlı qanunvericilikdə boşluq olduğunu qeyd edib: “Bu normanın pozulacağı təqdirdə hansısa tədbirin görülməsi nəzərdə tutulmayıb. Bununla bağlı Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Komissiyası tərəfindən “Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun layihəsi hazırlanıb. Bu sənəd Avropa Şurası və Amerika Ədliyyə Nazirliyinin ekspertləri tərəfindən rəy alıb. Güman edirəm ki, həmin qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. Bu qanun qəbul edildikdən sonra dövlət orqanlarında yaxın qohumların birgə işləməsi ilə bağlı neqativ hallar aradan qaldırıla bilər”. “Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi yaxın qohumların birgə işləməsinə yol verilməməsini nəzərdə tutur. Həmin maddəni olduğu kimi təqdim edirik: 7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olanlar heç bir vəzifə tuta bilməzlər. 7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə, həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. 7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər. Göründüyü kimi, qanun

yaxın qohumların birgə işləməsini qadağan edir, amma ona neçə faiz əməl olunur...? "Modern.az"  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!