Modern.az

Masallının deputatı seçicilərinə hesabat verib

Masallının deputatı seçicilərinə hesabat verib

14 Sentyabr 2011, 12:15

71 saylı Masallı kənd seçki dairəsindən deputat Elmira Axundova 3 gündür ki, seçicilərlə görüş keçirir. Bu barədə Modern.az saytına deputatın qərargahından məlumat verilib.

İlk görüş Kalinovka kəndində olub. Görüşdə kəndin 100-dən çox sakini iştirak edib. E.Axundova ölkə başçısı İlham Əliyevin regionların sosial iqtisadi inkişafına, yol infrastrukturunun, qaz, su təchizatının yaxşılaşdırılmasına ayırdığı diqqət və qayğını xüsusi vurğulayıb, görülən işlərin məhz ölkə başçısının diqqət və qayğısının nəticəsi olduğunu əhalinin diqqətinə çatdırıb.
 
Daha sonra E.Axundova 71 saylı Masallı kənd seçki dairəsi ərazisində görülən və görüləcək işlər barədə məlumat verib. O, qeyd edib ki, artıq Hüseynhacılı kənd ümumi orta məktəbi yenidən inşa edilib və sentyabrın 15-də məktəbin açılışı olacaq.

Deputat qeyd edib ki, ölkə ərazisində təqribən 600-700 qəzalı məktəb var: “Hal-hazırda ölkə başçısının göstərişi ondan ibarətdir ki, ilk növbədə belə məktəblər yenidən inşa olunmaqla əhalinin xidmətinə verilsin. Bu da imkan verəcək ki, bu cür təhsil müəssisələrində daha səmərəli fəaliyyət göstərilsin, gənclərimizin müasir şəraitdə təhsil almasına şərait yaradılsın. Bu, ölkə rəhbərliyinin təhsilimizə diqqətinin əyani sübutudur”.

Deputat bildirib ki, Qızılağac, Kalinovka, Yeddioymaq və Şıxlar kəndlərinin yollarının təmiri ilə əhaliyə böyük kömək göstərilmiş oldu. Bu yol Bakı-Astara magistral yoluna birbaşa çıxışı təmin edir.

Eyni zamanda bildirilib ki, əraziyə plandan kənar qaz çəkilməsi də məhz ölkə başçısının diqqət və qayğısının nəticəsi sayəsində olub.

Daha sonra Elmira Axundova yaz sessiyası dövründəki fəaliyyəti barədə hesabat verib: “Pensiyaların artırılması, xüsusilə də, 40-50 il iş stajı olan və 2006-cı ilə qədər pensiyaya çıxan ahıl müəllim və həkimlərin təqaüdlərinin yeni qaydalarla hesablanması üçün dəfələrlə müvafiq qurumlara müraciət etmişəm, plenar iclaslarda məsələ qaldırmışam. Bütün bu məsələlər Dövlət Sosial Müdafiə Fondunun sədri cənab Səlim Müslümov tərəfindən rəhbərliyin diqqətinə çatdırılıb və cənab Prezident daha mütərəqqi və inqilabi addım ataraq 2006-cı ilə qədər pensiyaya çıxan bütün təqaüdçülərinin pensiyalarının yeni qaydalarla hesablanması barədə göstərişlərini verib. Bununla da bu dəyişiklik 900 minə qədər insana şamil olunub və təqaüdlər təqribən 40-60 faiz artırılıb. Eyni zamanda müəllim və həkimlərin vəzifə maaşlarının artırılması həmişə diqqət mərkəzimdə olub. Dəfələrlə regionlarda Texniki Peşə məktəblərinin, Mədəniyyət evlərinin təmirinin vacibliyini qeyd etmişəm, bununla bağlı müvafiq qurumlara müraciət etmişəm. Texniki Peşə Məktəblərini təmir etməklə, maddi-texniki bazasını yaxşılaşdırmaqla, yeni peşə sahələri açmaqla gənclərin sənətə, peşəyə yiyələnməsinə və bununla da müəyyən səviyyədə  rayonlarda işsizlik problemini aradan qaldırmaqla gənclərin  şəhərə axınının qarşısını almağa imkan yaranacaq. Eyni zamanda mədəniyyət evlərində gənclərin asudə vaxtlarını düzgün dəyərləndirməklə pis vərdişlərdən uzaq olacaqlarına inandığını bildirib”.

Həmçinin millət vəkili Aliment Fondunun yaradılması bağlı da təkliflər verdiyini seçicilərin diqqətinə çatdırıb: “Aliment Fondu imkan verəcək ki, uşaqlarla tək qalmış ana öz problemləri baş-başa qalıb sosial problemlər məngənəsində əzilməsin, məhv olmasın”.

E.Axundova payız sessiyasında müzakirəyə çıxarılacaq bəzi qanunlar barədə məlumat verib: “Bunlardan biri “Sosial işçilər haqqında” qanundur ki, bu ictimai təşkilatlara, QHT-lərə də imkan verəcək ki, onlar layihələr təqdim etməklə ahıl və kimsəsiz, əlil insanlara xidmət etsinlər. Digər bir qanun da pasiyentlərin hüquqlarının qorunması ilə bağlıdır. Belə ki, bildiyimiz kimi müxtəlif kommersiya tibb müəssisələri, özəl klinikalar fəaliyyət göstərirlər. Elə hallar olur ki, pasiyenti nəinki müalicə etmir, əksinə onu şikəst edirlər. Belə olan halda bu qanun pasiyent üçün pozulmuş hüquqlarının bərpası üçün əsas rolunu oynayacaq”.

Görüşdə Kalinovka kənd sakini Ağayev Allahverdi Ataş oğlu su probleminin olmasını, məktəb binasının istilik sistemininin quraşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Deputatın növbəti görüşü rayonun Qızılağac kəndində olub. Görüşdə kəndin 60-dan artıq sakini iştirak edib.

E.Axundova qeyd edib ki, Qızılağac-Şıxlar yolu çox bərbad idi: “Bu yolun bu cür bərpasına görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bütün bu işlərə diqqətlə və şəxsi nəzarət etdiyi üçün icra başçısı Qəzənfər Ağayevə də təşəkkür edirəm”.

Görüşdə bir sıra təkliflər də səsləndirilib. Belə ki, qazlaşdırmanın sürətləndirilməsi  məsələsinə kömək edilməsi deputatdan xahis edilib.

Daha sonra 2 saylı orta məktəbdə müəllim və şagird kollektivi ilə görüş keçirilib. Məktəb binasına və otaqlarına baxış keçirilib.

Bu məktəbə icra başçısının qayğısı vurğulanıb. E.Axundova məktəbə bəzi idman ləvazimatları təqdim edib.

İdman zalında da görüş keçirilib. Deputat region və ümumrespublika güləş yarışlarında fəxri kürsüyə qalxan idmançılara və idman müəlliminə bu nailiyyətlərdən dolayı qiymətli qol saatı hədiyyə edib, geyim və idman alətləri bağışlayıb.

Elmira Axundovanın növbəti görüşü Bədəlan kəndində olub. Bildirilib ki, kənd daimi qazla, işıqla təmin olunub. 80 hektara qədər ərazidə taxıl əkilib.

Deputat Elmira Axundova bildirib ki, 2012-2013-cü illər ərzində 71 saylı Masallı kənd seçki dairəsindən 4 kənd məktəbin yenidən inşası plana daxil edilib. Bu məktəblərdən ikisi məhz Bədəlan ərazi nümayəndəliyi tərkibində olan Dəmirçi, Çayqıraq kənd orta məktəbləridir. Digər mətəblər isə Öncəqala və Dəlləkoba kənd orta məktəbləridir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı